“Bayraktar” pilotsuz uçuş aparatları müharibədə Ukrayna silahlı qüvvələrinin köməyinə çox çatır. İndiyə qədər Türkiyə dronları Rusiya ordusuna xeyli ciddi həmlələr endirib. “Bayraktar” ukraynalılar üçün o qədər əhəmiyyətlidir ki, pilotsuz uçuş aparatlarına hətta mahnı da həsr etmişdilər.
Bizimyol.info xəbər verir ki, “Baykar” şirkəti yenə Ukraynaya dron hədiyyə edib. Polşalılar qardaş ölkəyə kömək üçün pul toplamağa başlamışdı. Yüzminlərlə Polşa vətəndaşı Ukrayna üçün ianə etmişdi. Nəhayət, lazımi məbləğ toplanıb. Amma “Baykar” Ukraynaya dronları pulsuz verməyə hazır olduğunu bildirib. Şirkətdən polşalıların təşəbbüsündən çox təsirləndiklərini deyiblər. Buna görə də növbəti dəfə nəcib davranış nümunəsi göstəriblər.
Jurnalist Slavomir Serakovskinin yazdığına görə, toplanan 22.5 milyon zlotını (təxminən 4.76 milyon dollar) “Baykar” götürmək istəməyib. Şirkətin açıqlamasında adi insani jest edildiyi bildirilib. “Baykar” vətəni qoruyanların yanında olduğunu bəyan edib. Mübariz Ukrayna xalqına hörmət ifadə edilib.
Serakovski yazır ki, toplanan vəsait humanitar məqsədlərlə istifadə olunacaq. Əslində, nəzərdə tutulandan çox pul yığılıb. Təxminən 1.8 milyon zlotı artıq toplanıb. Serakovski bunun Ukrayna Milli Bankının nəzdində yaradılan silahlı qüvvələr fonduna köçürüləcəyini qeyd edib.
Polşalılar müharibə başlayandan qardaş ölkə üçün 50 milyon zlotıdan (təxminən 10.6 milyon dollar) çox vəsait toplayıb. Bu dəfə iyunun 28-də yardım kampaniyasına başlanılmışdı. Vəsaitin bir aya yığılması planlaşdırılmışdı. Amma polşalıların təşəbbüskarlığı məqsədə tez çatmaq imkanı yaradıb.
Dronla bağlı təşəbbüs ilk dəfə Litvada səslənmişdi. Baltikyanı ölkədə Ukrayna üçün pilotsuz uçuş aparatları almaq qərarı verilmişdi. Üç dron üçün məbləğ toplamaq mümkün olmuşdu. Amma “Baykar” “Bayraktar”ları pulsuz vermək qərarına gəlmişdi.
Müharibədən əvvəl Ukraynanın Türkiyə şirkətindən 8 pilotsuz uçuş aparatı aldığı bildirilirdi. “Baykar” döyüşlər vaxtı tamamilə təmənnasız davranmağa üstünlük verir. Buna görə də “Bayraktar”ın Ukraynada hörməti zamanla daha da artır.
Aytən, Bizimyol.info