ABŞ və müttəfiqləri Ukraynadakı vəziyyətlə bağlı kompromis tapmaq üçün Rusiya ilə əlaqə kanallarını açmalıdırlar.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, amerikalı ekspertlər Samuel Şarap və Ceremi Şapiro tərəfindən “The New York Times”-da yayımlanan məqalədə səsləndiirlib.
“Birləşmiş Ştatlar və onun müttəfiqləri, şübhəsiz ki, Ukraynanı çox ehtiyac duyulan silahlarla təchiz etməyə davam etməlidirlər. Amma buna baxmayaraq, Kiyevlə sıx məsləhətləşərək, Rusiya ilə əlaqə kanallarını açmalıdırlar. Ona gedən yol qeyri-müəyyən qalsa belə, son məqsəd atəşkəs olmalıdır”- deyə nəşr yazır.
Müəlliflərin fikrincə, nə qədər ki, həm Rusiya, həm də Qərb Ukraynada qarşı tərəfə qalib gəlmək əzmindədirlər və bu məqsədə çatmaq üçün öz böyük silah ehtiyatlarından istifadə etməyə hazırdırlar, eskalasiyanın daha da artması mümkündür.
Eyni zamanda, Şarap və Şapiro döyüşlər davam edərkən danışıqlara başlamağın riskli olduğunu qeyd edirlər. “Bu, xüsusilə Ukraynadan əhəmiyyətli diplomatik səylər tələb edəcək və uğura zəmanət verilmir”,- deyən müəlliflər birbaşa ünsiyyətin kompromis məkanını müəyyənləşdirməyə və vəziyyətdən çıxış yolu tapmağa kömək edə biləcəyini qeyd ediblər.
“Əks halda, bu müharibə Rusiya ilə NATO arasında birbaşa toqquşmaya səbəb ola bilər”,- deyə onlar qeyd edib.
“Qarşı tərəf irəliləyiş əldə etməyə başlayanda hər bir tərəfin səylərini artırmağı lazım bildiyi klassik spiral görürük. Bu vəziyyətə nəzarəti itirməyin qarşısını almağın ən yaxşı yolu çox gec olmadan danışmağa başlamaqdır”,- deyə ekspertlər vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Ukraynada Rusiya ilə danışıqları bərpa etməyə çağıran petisiya yaradılıb. O, dövlət başçısı Vladimir Zelenskinin saytında yer alıb.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ və Böyük Britaniya Türkiyədə qəbul olunmuş razılaşmalar əsasında Ukraynaya Rusiya ilə dialoq aparmağı qadağan edib. Onun sözlərinə görə, Moskva heç vaxt Kiyevlə danışıqlardan imtina etməyib.
İlahin, Bizimyol.info