1816-cı ildən bəri aprılan statistika göstərir ki, hər gün dünyada döyüş meydanlarında orta hesabla 50 nəfər həyatını itirir.
Ukraynada daha qanlı müharibə gedir. Burada hər gün ölənlərin sayı 100 nəfərdən az ola bilməz. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Bill Berns, Böyük Britaniya kəşfiyyat xidmətinin başçısı Riçard Mur və Estoniyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Mikk Marran hesab edir ki, Rusiya gündə təxminən bu qədər hərbçisini itirib. Ukrayna silahlı qüvvələri də orta hesabla gündəlik 100 hərbçisinin həlak olduğunu etiraf edir. Amma rəsmi Kiyev Rusiya ordusunun daha böyük zərbə aldığını bildirir. İndiyə qədər 40700 rusiyalı hərbçinin öldürüldüyü iddia olunur.
Bizimyol.info xəbər verir ki, Ukrayna müharibəsində ölənlərin sayı ilə bağlı fikir ayrılığı böyükdür. Hətta Qərbdə də Kiyevin qarşı tərəfin itkilərini şişirtdiyini düşünən az deyil. Hərbi ekspertlərin əksəri 15-20 min rusiyalı hərbçinin öldüyünü daha inandırıcı sayır. Lakin Böyük Britaniyanın Müdafiə Naziri Ben Uolles hələ iyunun 29-da 25 min hərbi qulluqçunun ölümündən danışmışdı.
Belə görünür ki, ukraynalıları rəqəmləri şişirtməkdə ittiham etmək bir az ədalətsizlikdir. Sadəcə, bəzən Kiyevin açıqladığı statistikaya inanmaq olmur. Məsələn, iyulun 19-da Ukraynanın Müdafiə Naziri Aleksey Reznikov Severodonetsk və Lisiçansk uğrunda döyüşlərdə düşmənin 11 min canlı qüvvəsinin məhv edildiyini bildirmişdi.
Yaralılarla bağlı statistikanı dəqiqləşdirmək daha çətindir. Özü də bu məqam ordunun effektliyində böyük rol oynayır. İtki təkcə ölənlər sayılmamalıdır. Müharibələrdə yaralananlar dəfələrlə çox olur. Əsgərin qolunu və ayağını itirməsi elə onun yarımcan olması deməkdir.
Böyük Britaniya Müdafiə Nazirliyinin hesablamaları Rusiya ordusunda yaralananların sayının ölənlərdən təxminən üç dəfə çox olduğunu göstərir. Azı 100 min hərbçinin yaralandığı bildirilir. Deməli, Kreml qoşunlarında sıradan çıxan hərbi qulluqçuların sayı təxminən 150 min nəfər civarındadır.
Minnesota Universitetinin əməkdaşı Tanişi Fazala müharibədən sonra sıradan çıxanların sayının daha çox olacağını deyir. Çünki bir çox hərbçilər döyüşlər gedəndə orqanizminin necə məhv olduğunu hiss etmir. Amma müharibədən sonra xeyli insanın əmək qabiliyyətini itirdiyi üzə çıxır. Yəni Rusiya ordusunun itki miqyası düşündüyümüzdən qat-qat böyükdür.
Aytən, Bizimyol.info