Kremlin Ukraynada müharibəyə başlamaqla necə bataqlığa düşməsini Rusiyada çoxları dərk etmir. Amma Andrey Piontkovski faciəni dilə gətirməyə çalışır. Rusiyanı tərk etməyə məcbur olan politoloq rəsmi Moskvanın böyük uğursuzluğa uğradığını düşünür.
Bizimyol.info xəbər verir ki, Piontkovski Kreml rəhbərliyinin ritorikasının dəyişdiyini bildirir. Rusiyaya başçılıq edənlər müharibənin ilk günlərində dəfələrlə inamlı görünürdü. Amma indi həmin ovqatdan əsər-əlamət qalmayıb. Piontkovski Moskvanın Kiyevlə danışıqların bərpasına can atdığına əmindir. Ola bilər ki, Kreml qürurunu sındırmaq istəmir, amma məmnuniyyətlə danışıqlara başlayardı.
“Putin müharibəni uduzub. Rusiyanın strateji pespektivləri yoxdur. Baxın, Moskva danışıqlarla bağlı necə siyasi isterika nümayiş etdirir. Lavrov dünənə qədər bizim Reyxin sərhədlərini Varşavaya, Polşaya aparıb çıxarırdı. Bu gün isə deyir ki, danışıqları bərpa etmək lazımdır”.
Piontkovskinin fikrincə, Rusiya Kiyevi danışıqlar stolu arxasında əyləşməyə məcbur edə bilmədiyindən bir gün sonra İstanbul razılaşmasını pozdu. Kreml hadisələrin onun istədiyi kimi inkişaf etmədiyini yaxşı anlayır.
“Düşünürəm ki, Odessaya edilən sərsəm hücum Ərdoğana və Qutyerreşə hörmətsizlik nümayişidir. Ukrayna Rusiyanın şantajına məhəl qoymadı. Moskvanın Xerson bölgəsində atəşkəs sazişinə çox ehtiyacı vardı”.
Piontkovski hələ 2014-cü ildə Kremlin Ukraynadakı aqressiv siyasətinə son qoymalı olduğunu dilə gətirmişdi. Siyasətçi deyirdi ki, Rusiya dərhal ordusunu qonşu dövlətin ərazisindən çıxarmalıdır. Sərt çıxışlar politoloqun həyatına təhlükə yaratmışdı. Bir müddət sonra Piontkovski ölkəni tərk etməli olmuşdu.
Rusiya Ukraynada təxminən 40 min hərbçisini itirib. Kreml qoşunlarının 1737 tankı, 880 artilleriya sistemi, 75 xüsusi texnikası, 3959 zirehli maşını sıradan çıxıb. Ukraynalılar hücum edən tərəfin azı 220 təyyarəsini məhv edib. Rusiya Müdafiə Nazirliyi qonşu ölkədə həlak olan hərbçilərinin sayının 5 min nəfərdən çox olmadığını iddia edir. Tərəflər martdan sonra danışıqlar masası arxasına keçməyib. Xüsusilə Ukrayna daha buna həvəs göstərmir.
Aytən, Bizimyol.info