Dünya 154 gündür Rusiya ilə Ukrayna arasında gedən müharibəni qorxu içində izləyir. Müharibənin diplomatik yollarla sona çatacağına ümid edənlərin hamısını artıq yeni işğal və müharibə qorxusu bürüyüb. Çünki illərdir həll olunmayan Çin-Tayvan münaqişəsində gərginlik artmaqdadır. Belə ki, ABŞ və Çinin qarşılıqlı bəyanatları “müharibənin addımları” kimi qiymətləndirilib.
Bizimyol.info xəbər verir ki, 1949-cu ildə Çin Kommunist Partiyası (ÇKP) hakimiyyəti ələ keçirdikdən və Çin Xalq Respublikasının yaradılmasını elan etdikdən sonra Çan Kayşekin rəhbərliyi ilə Çin Millətçi Partiyasının (Kuomintag) üzvləri Tayvanda məskunlaşaraq , hakimiyyəti davam etdirdilər. Adada 1912-ci ildə qurulan Çin Respublikası" müstəqilliyini elan etdi. Çin və Tayvan o vaxtdan bəri ziddiyyətdədir. Çin Tayvanı öz ərazisi hesab edir.
Onu da əlavə edək ki, Pekin hökumətinin 1971 -ci ildə BMT Baş Assambleyasında Çinin yeganə qanuni nümayəndəsi kimi səs verməsi ilə Tayvanın beynəlxalq mövqeyi qeyri-müəyyəndir. Bununla belə, Tayvanı müstəqil ölkə kimi tanıyan və diplomatik əlaqələr quran bir çox ölkələr var. Və təbii ki, Çinin ən böyük “düşməni” ABŞ bu ölkələrdən biridir.
Tayvanın diplomatik himayədarı və eyni zamanda ən böyük iqtisadi dəstəkçisi olan ABŞ illərdir adaya silah, hərbi texnika və hərbi təlim yardımı edir. Bu vəziyyət onsuz da gərgin olan Çin-ABŞ münasibətlərini tez-tez qırılma nöqtəsinə gətirsə də, Ukraynanın hazırkı işğalı və Rusiyanın apardığı müharibə, Çin işğalı və Tayvanda uzun illərdir davam edən genişmiqyaslı müharibə qorxusunu önə çəkib.
Tayvanın Çinin genişmiqyaslı işğalına qarşı kütləvi hərbi hazırlığı son günlər qəzet başlıqlarıdadır və ABŞ-dan gələn xəbərlər bütün qorxuları yenidən gündəmə gətirib.
Belə ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfər planı Çini hiddətləndirib və Ağ Evdə ciddi geosiyasi məsələyə səbəb olub.
Bazar ertəsi Çin xəbərdarlıq edib ki, Nensi Pelosi yaxın həftələrdə Tayvana səfər edərsə, "ciddi nəticələr" olacaq.
Siyasi reytinqə görə ABŞ prezidentindən sonra ikinci yerdə olan Pelosi 1997-ci ildən özünü idarə edən adaya səfər etmiş ən yüksək rütbəli ABŞ siyasətçisi olacaq.
Potensial səfər təkcə Pekini narahat etməyib. Kulisdən yayılan söz-söhbətlərə görə, Bayden administrasiyası öz partiyasının ən önəmli adlarından olan siyasətçini bu səfərdən çəkindirməyə çalışır.
Xatırladaq ki, keçən həftə ABŞ prezidenti Co Bayden jurnalistlərə "hərbçilər bunun yaxşı fikir olmadığını düşünür" deyib. Bununla Ağ Ev də Çinin belə bir səfərə qarşı çıxan ritorikasını "açıqca faydasız və lazımsız" adlandırıb.
Qeyd edək ki, ABŞ-da Tayvana güclü ikitərəfli dəstək var: biri Amerika xalqından, digəri ABŞ Konqresindən. 35 illik Konqres karyerası boyunca Pelosi Çinin ən şiddətli tənqidçilərindən biri olub. Belə ki, Nensi Pelosi Çinin insan haqları vəziyyətini pisləyib, demokratiya tərəfdarları ilə görüşüb və 1989-cu il qırğınının qurbanlarının xatirəsini yad etmək üçün Tiananmen meydanını ziyarət edib. Digər tərəfdən, Pelosinin orijinal planı aprel ayında Tayvanı ziyarət etmək idi, lakin veteran siyasətçi “Covid 19”a tutuldu və səfər ləğv edildi.
Məlumata görə, Pelosi beynəlxalq diplomatik böhrana səbəb olan səfərin təfərrüatlarını müzakirə etməkdən imtina edib, lakin keçən həftə "ABŞ-ın Tayvana dəstək nümayiş etdirməsinin vacib olduğunu" söyləyib.
Leyla, Bizimyol.info