Tülkünü bel ilə vur-vura ona əzab verib, bunu videoya çəkərək sosial şəbəkələrdə yayan iki gənc haqqında həbs qərarı çıxarılıb. Bu barədə Bizimyol.info-ya iyulun 26-da Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bir gün əvvəl – iyulun 25-də nazirliyin məlumatında bildirilirdi ki, sosial şəbəkələrdə sözügedən videogörüntülər yayılandan dərhal sonra araşdırmalar başlanıb. Qısa müddətdə heyvana işgəncə verən, videoya çəkən şəxslərin kimliyi müəyyənləşdirilib. Məlum olub ki, bunu edənlər Sabirabad rayon sakini, 20 yaşlı Cəsarət Bayramov və Neftçala rayon sakini, 18 yaşlı Kənan Dünyamalıyevdir.
Onlar hadisəni etiraf ediblər, peşman olduqlarını bildiriblər. Deyiblər ki, həmin heyvan qarpız sahələrinə ciddi ziyan vururdu.
Hər iki gəncin barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (heyvanlara qarşı rəhmsiz rəftar edilməsi) maddəsilə inzibati xəta protokolu tərtib olunub. Onların bir daha belə hərəkətlərə yol verməməsi üçün ciddi xəbərdarlıq edilib.
Lakin iyulun 26-da məlum olub ki, adları çəkilən şəxslər xəbərdarlıqla qurtula bilməyib. Onların hər birinə 30 sutka inzibati həbs cəzası kəsilib. Hərçənd, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsində 500 manat cərimə nəzərdə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynovun verdiyi məlumata görə, Cəsarət Bayramov və Kənan Dünyamalıyev polisə müqavimətə görə həbs edilib.
“Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiklərinə, xuliqanlıq hərəkətlərinə yol verdiklərin görə barələrində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə protokollar tərtib olunub. İş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs edilib”,- Zeyni Hüseynov bildirib.
Aytən, Bizimyol.info