Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vəziyyət 1970 və 2008-dən daha pis olacaq" - Böhran xəbərdarlığı
"Vəziyyət 1970 və 2008-dən daha pis olacaq" - Böhran xəbərdarlığı

2008-ci ildə ABŞ-da başlayan maliyyə böhranını iki il əvvəldən görən və “böhran görücüsü” adlandırılan Nuriel Roubini ABŞ-ın faiz artımı və iqtisadi böhran səbəbindən dərin tənəzzüllə üzləşdiyini bildirib. O, iqtisadiyyatın yüksək borc yükü altında əzildiyini söyləyib.

Bizimyol.info xəbər verir ki, bazar ertəsi Bloomberg TV-də iştirak edən "Roubini Macro Associates" şirkətinin baş direktoru deyib: "Bizim ciddi tənəzzül, ağır borc və maliyyə böhranı yaşamağımızın bir çox səbəbi var. Böhranın qısa və səthi olacağı fikri sırf uydurmadır”.

Məşhur iqtisadçının qeyd etdiyi səbəblər arasında pandemiyadan sonra yaranmış borc nisbətlərinin tarixi səviyyəsi də var. Roubini inkişaf etmiş iqtisadiyyatların üzərinə düşən yükün artmaqda davam etdiyini də vurğulayıb.

Amerikalı iqtisadçı hazırkı vəziyyətin 1970-ci illərdən fərqli olduğunu və borc nisbətinin artıq o dövrlə müqayisədə xeyli yüksək olduğunu bildirib. Roubiniyə görə, 1970-ci illərdə gündəmə gələn, durğun artım və eyni zamanda yüksək inflyasiya nəticəsində ortaya çıxan staqflyasiya riski hələ də mövcud olsa da, iqtisadiyyatda 50 il əvvəllə müqayisədə fərqli amillər ön plana çıxır.  Roubini bildirib ki, 2008-ci il maliyyə böhranından sonra ölkənin borcları artıb, bunun ardınca kredit böhranı və tələb şoku səbəbindən aşağı inflyasiya baş verib.

“Əvvəlki tənəzzüllərdə, son ikisində olduğu kimi, bizdə kütləvi monetar və fiskal yumşalma var idi. Bu dəfə pul siyasətini sərtləşdirməklə resessiyaya giririk. Bizim maliyyə imkanımız yoxdur”,- deyə o, bildirib.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) son 40 ilin ən yüksək göstəricisi olan inflyasiyanı azaltmaq üçün aqressiv şəkildə pul siyasətini sərtləşdirməsi nəticəsində artan faiz dərəcələrinin iqtisadiyyatı tənəzzülə sürükləyəcəyinə dair narahatlıqlar artır.

FED sədri Jerom Pauel deyir ki, qiymət sabitliyinə nail ola bilməmək ABŞ-ı tənəzzülə sürükləməkdən daha böyük səhv olacaq. Pauel deyir ki, tənəzzülün qarşısını hələ də almaq olar. FED rəhbərliyinin iyun ayında 1994-cü ildən bəri ən yüksək faiz artımı qərarından sonra bu həftə daha 75 baza bəndi artımı təsdiq edəcəyi gözlənilir. Siyasətçilərin də gələcək aylarda faiz dərəcələrini artırmağa davam edəcəkləri barədə siqnal verməsi gözlənilir.

“Bu dəfə biz staqflyasiya və ciddi borc böhranının qovuşduğu yerdəyik. Deməli, bu, 1970-ci illərdən və 2008-ci il iqtisadi böhranından daha pis ola bilər”,- deyə qeyd edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »