Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qurtarıcı rolu "sənin üçün yaxşısını mən bilirəm" inancını daşıyır"
"Qurtarıcı rolu "sənin üçün yaxşısını mən bilirəm" inancını daşıyır"

Başqasına məsləhət vermək, başqasına can yandırmaq, başqasını çətinlikdən çıxaramağa can atmaq sözün əsl mənasında yaxşı insanların davranışlarıdır. Ancaq mütəxəssislərin fikrincə, daim başqasını daha önəmli hesab edib özünü unudan insanlar narsist ola bilər. Yəni həddən artıq başqasını düşünmək insana zərər də verə bilir.

Bəs necə davranmalı?

Psixoloq Fuad Əsədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bəzi insanlar həmişə ətraflarındakı insanlara kömək etmək və onları nədənsə xilas etməyə çalışırlar. Bunu o qədər çox edirlər ki, zamanla özlərini unudurlar və tükənirlər. Bu insanları həmişə kiməsə məsləhət verərkən və kimisə qurtarmağa çalışarkən görə bilərsiniz.

Fuad Əsədov Fuad Əsədov

“Buna psixologiyada "qurtarıcı kompleksi" deyilir. Bəlkə inanmayacaqsınız, amma bu davranış bir çox hallarda narsistlikdən qaynaqlanır. Çünki, qurtarıcı rolunu oynamaq özündə "sənin üçün ən yaxşısını mən bilirəm" inancını daşıyır. Unutmaq lazım deyil ki, bu yaxşı və pis anlayışı nisbidir. Sizin üçün, hətta cəmiyyətin əksəriyyəti üçün yaxşı olan bir şey qarşı tərəf üçün pis ola bilər.

Məsələn, çox maaşlı, amma sevmədiyi işlə, az maaşlı, amma sevdiyi iş arasında qalan adamı fikirləşin. Böyük ehtimalla, çox adam çox maaşlı işi seçməsini tövsiyə edər. Amma bu adam üçün bu seçim onu pis hiss etdirəcək seçim ola bilər. İnsanların hər biri fərddir”,- deyə ekspert bildirib.

Onun sözlərinə görə, qurtarıcı kompleksinin qaynaqlarından biri də uşaq vaxtı özünü tənha və dəyərsiz hiss etməkdir. “Ola bilsin ki, uşaq vaxtı çox məsuliyyət götürməli olmusunuz. Balaca uşaqlara baxmaq, ananı atadan qorumaq, evə pul qazanmaq və s. kimi. Nəticədə özümü "dəyərli hiss etmək üçün kiməsə kömək etməliyəm" kimi bir inancınız formalaşıb. Başqalarını qurtarmağa çalışmaqla əslində öz eqonuzu bəsləyirsiniz. Bu da qarşı tərəf üçün bezdirici ola bilər”,- deyə o əlavə edib.

Psixoloqun fikrincə, ümumiyyətlə, qurtarıcı rolu oynamaq effektiv deyil. Çünki, bu qarşı tərəfi tənbəlləşdirir. Hər kəs bu həyatda öz məsuliyyətini özü götürməlidir.

“Siz sizdən kömək istəməyən birinə kömək edə bilməzsiniz. Hətta kimsə sizə dərdini danışanda, o dəqiqə kömək etməyə və məsləhət verməyə çalışmayın. Onun özündən soruşun. Sənə necə kömək edə bilərəm? Unutmayın, özünüzü düşünmək eqoistlik deyil. Əlbəttə özünüzü düşünməyə haqqınız var. Beyhan Budak demiş, başqa bir insanı qurtara bilməzsiniz, insanlar özləri-özlərini qurtararlar”,- deyə o bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »