Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Ukrayna taxılının daşınmasına nə vaxt başlayacaq - BMT-dən açıqlama
Türkiyə Ukrayna taxılının daşınmasına nə vaxt başlayacaq - BMT-dən açıqlama

Türkiyənin liderliyi ilə Birləşmiş Millətlər Təşkilatında (BMT) Ukrayna və Rusiyanın imzaladığı taxıl müqaviləsindən sonra Ukraynadan ilk taxıl daşımalarının nə vaxt həyata keçiriləcəyi maraq mövzusu olub.

Bizimyol.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ukrayna rəsmiləri, Rusiya ilə Ukrayna arasında gedən müharibə səbəbilə Ukraynadan daşınması mümkün olmayan taxıl məhsullarının bir neçə gün ərzində Qara dənizdən çıxmasının gözlənildiyini açıqlayıb.

Rusiyanın Ukraynaya hücumlarından sonra artan qlobal ərzaq böhranı təhlükəsinin öhdəsindən gəlmək üçün BMT vasitəsilə İstanbulda əldə olunan razılaşmaya uyğun olaraq, taxılın bir neçə günə Qara dəniz limanlarını tərk edə biləcəyi bildirilib. BMT sözçünün müavini Farhan Haq deyib: “Bir neçə gün ərzində ilk gəminin yola düşəcəyini gözləyirik. Bütün tərəflər öhdəliklərini bir daha təsdiqlədilər".

O, Birgə Koordinasiya Mərkəzinin gəmiçilik sənayesi ilə əlaqə quracağını və gəmilər üçün ətraflı prosedurları tezliklə dərc edəcəyini də söyləyib. Məlumata görə, bu gün bütün tərəflər İstanbuldakı Ortaq Koordinasiya Mərkəzində bir araya gələcək. Müqavilənin bütün tərəflərinin İstanbuldakı Milli Müdafiə Universitetindəki Birgə Koordinasiya Mərkəzində hazır olacağını bildirən Haq mərkəzin bütün gəmi hərəkətlərini və yoxlamalarını izləyəcəyini bildirib.

“Biz istəyirik ki, tərəflər razılaşdıqları şeyi tam şəkildə yerinə yetirsinlər”,- deyə Haq bildirib.

Ukraynanın İnfrastruktur Naziri Oleksandr Kubrakov Ukraynanın paytaxtı Kiyevdə keçirdiyi mətbuat konfransında ilk taxıl daşınmasının bu həftə Çornomorsk limanından həyata keçiriləcəyinə ümid etdiklərini və razılaşma çərçivəsində 2 həftə ərzində bütün limanlardan daşınmaların həyata keçirilə biləcəyini bildirib.

Ukraynanın nə qədər taxıl ixrac edə biləcəyi ilə bağlı heç bir məhdudiyyət olmadığını və daşınmaların bərpasının Ukraynaya ayda ən azı 1 milyard dollar qazanc gətirəcəyini qeyd edən Kubrakov, razılaşma qarşısında ən böyük riskin Rusiyanın hücumları olduğunu söyləyib.

Ukraynanın İnfrastruktur nazirinin müavini Yuri Vaskov “İnanırıq ki, yaxın 24 saat ərzində limanlarımızdan ixracı bərpa etmək üçün işləməyə hazır olacağıq. Bu, ilk növbədə Çornomorsk limanından olacaq. Sonra Odessadan, daha sonra Pivdeni limanından baş tutacaq”,- deyə vurğulayıb.

Qeyd edək ki, ötən şənbə günü Rusiya qüvvələrinin Odessada Ukrayna hərbi gəmisini və silah anbarını vurmasından sonra açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda imzalanan taxıl müqaviləsində Rusiyanın Ukraynadakı hərbi infrastruktura hücumunun qarşısını alan hər hansı bəndin olmadığını bildirib.

Ötən cümə günü BMT, Ukrayna, Türkiyə və Rusiya arasında imzalanan saziş Ukraynaya müdaxilədən sonra Rusiya tərəfindən blokadada olan Ukrayna limanlarından taxıl daşınması üçün təhlükəsiz keçidi təmin etmək məqsədi daşıyır. İstanbulda imzalanan saziş Ukraynanın taxıl daşınmasını müharibədən əvvəlki ayda 5 milyon ton səviyyəsinə qaytara biləcək diplomatik irəliləyiş kimi qiymətləndirilir.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »