Fransa Milli Maliyyə Prokurorluğu rusiyalı oliqarxların aktivlərinin, xüsusən də daşınmaz əmlakın mənşəyi ilə bağlı ilkin araşdırmaya başlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb. Məlumata görə, Rusiya prezidenti Vladimir Putinə yaxın olan rusiyalı milyarderlər xüsusi nəzarət altında olacaq.
Fransa hüquq-mühafizə orqanları çirkli pulların yuyulması sxemlərinin təşkilatçılarını, korrupsiya cinayətləri törətmiş, büdcə pullarının oğurlanması və vergidən yayınma ilə məşğul olan şəxsləri müəyyən etməyi planlaşdırır.
Nəşrin məlumatına görə, ibtidai istintaq iyulun 1-də başlayıb. O, çirkli pulların yuyulması sxemlərinin təşkilatçılarına, korrupsioner məmurlara və vergi qanunlarını kobud şəkildə pozan şəxslərə qarşı yönəlib.
Təhqiqat “Transparency International” antikorrupsiya ictimai təşkilatının rusiyalı oliqarxların çirkli pulların yuyulması ilə bağlı şikayətindən sonra başlayıb. Onun icrası Baş Ağır Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinə həvalə edilib. Belə ki, fransız müstəntiqləri Rusiya oliqarxlarının Fransada əhəmiyyətli daşınmaz əmlakı necə toplaya bildiyini araşdıracaqlar.
Xatırladaq ki, bir müddət əvvəl bütün dünyanın Rusiya aktivlərini axtardığı bildirilirdi. Rusiya aktivlərinin axtarışı üzrə xüsusi beynəlxalq qrup işinin ilk 100 günü ərzində Rusiya hesablarında 30 milyard dollardan çox vəsaitin bloklanmasına nail olub. Bundan başqa, Rusiya Federasiyası Mərkəzi Bankının elit əmlakı və ehtiyatları dondurulub. Bu barədə Britaniya hökumətinin açıqladığı REPO hesabatında qeyd edilib. Qrupa ABŞ, Avropa İttifaqı, Kanada, Avstraliya, Böyük Britaniya və Yaponiyadan olan nümayəndələr daxildir.
Qeyd edək ki, hazırda Rusiyaya məxsus aktivlərin müsadirə edilərək Ukrayna verilməsi barədə təkliflər səslənir. Məsələ burasındadır ki, Ukrayna tez-gec beynəlxalq məhkəmədə Rusiyaya qarşı iddia qaldıraraq işi udacaq, amma Rusiyanın öz xoşu ilə kompensasiya ödəyəcəyi inandırıcı görünmür. Ona görə də indidən müsadirə mövzusu oratay çıxıb.
İlahin, Bizimyol.info