Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni gələn icra başçıları niyə tez "yoldan çıxır"?
Yeni gələn icra başçıları niyə tez "yoldan çıxır"?

Ey öküzə, ulağa harınlıqda tay olan!

Ömrü, günü qəflətdə, gecə-gündüz zay olan!

Batıb-çıxan Günəşin gərdişindən xəbərsiz!

Bu lacivərd göylərin hər işindən xəbərsiz!

…Niyə kefli yatırsan? Qəsdindədir bu fələk,

Aqillərtək ayıq ol, bil ki, nədir bu fələk.

Yatanlara yaxşı bax, bu qəfləti tərk elə.

Gör ki, hara gedirsən, axırını dərk elə.  (Nizami Gəncəvi, “Sirlər Xəzinəsi”)

Allah şeyx Nizamiyə rəhmət eləsin, misralarını nizamla düzdüyü kimi, elə həyatın gedişatını da nizamla qeydə alıb, özündən sonra bir insan ömrünün “əl kitabı”nı yazıb. Dahi Nizaminin sətirlərində elə bir cümlə, ifadə yoxdur ki, gerçək həyatda öz əksini tapmamış olsun. Əsrlər öncə qələmə alınmış yuxarıdakı iki bəndi Nizami Gəncəvi öz dövrünün harınlamış, gözü burnunun ucunu görməyən insanlarına həsr etsə də, bu gün həmin iki bənd öz aktuallığını zəmanəmizin harın məmurları sayəsində qoruyub saxlaya bilir.

“…Hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq” - bu ifadə Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. O, bu sözləri Lerik və Göygöl rayonlarının yeni təyin olunmuş icra başçılarını qəbul edərkən deyib.

Demək olar ki, hər dəfə icra başçıları dəyişilib yerinə yeniləri təyin olunanda, dövlət başçısı onları qarşısında oturdaraq sözün əsl mənasında “ata nəsihəti” edir, özlərindən əvvəlki məmurların vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri üçün hansı durumlara düşdüklərini yeni təyin olunan icra başçılarına örnək göstərir və gözəlliklə izah edir ki, həmin əməlləri bir daha heç biri təkrarlamasın. Ancaq həmin öyüd-nəsihətlər, örnəklər, nümunələr sanki elə Prezidentin həmin qəbul otağında qalır, adamlar otağı gəldikləri kimi də tərk edib, öz “şirin” kreslolarına doğru qaçırlar.

Üç il öncə də - 2019-cu ildə ölkə rəhbəri bir neçə rayona yeni icra başçısı təyin etmək üçün bir sıra sərəncamlar imzalamışdı. Həmin sərəncamlardan sonra təyin olunan bu adamlara özlərindən əvvəlki məmurların etdiyi dələduzluqları, cibgirliyi, özbaşınalıqları təkrarlanmaması üçün vəzifələrini layiqli şəkildə icra etmələri ilə bağlı nəsihət tonunda göstəriş verilmişdi. Daha sonra vaxt keçdi, zaman ötdü, ölkə rəhbərinin qəbulunda məsum körpələr kimi qulağını Prezidentə dikib öyüd-nəsihət qəbul edən bu “körpələrin” başçılıq etdikləri rayonlarda zamanla zülm ərşə dirəndi, insanlar əllərindən “dad” dedilər.

Hansı birinin adını çəkəsən? Qaziyə qarşı saymazyanalıq edəninmi? Şəhid ailəsini süründürməçiliyə salanınmı?

Söhbət təkcə Qarabağ qazilərindən getmir. Qazi olsa da belə, bir əlilə qarşı “müharibəyə” çıxıb “qurşaqdan aşağı” zərbələr vuran icra başçısı da var. Hələ bu məqsəd üçün hüquq-mühafizə orqanlarından da öz maraqları naminə istifadə edir...

Ofisindən çıxan milyonlarla dollar pulu həyat yoldaşının adına çıxıb "miras qalıb" deyəninmi adını çəkək?.. "Məqsədə aparan yolda hər şey mübahdır" anlayışına sahib bu adamlar üçün bir duracaq, dayanacaq yer, sərhəd də yoxdur. Bəs məqsəd nədir? Məqsəd bəllidir - "Burda mənəm, Bağdadda kor xəlifə". Xalqdan oğurladığı milyonları həyat yoldaşının adına çıxıb, özünü və ailəsini biabır edən, ardınca da 12 il həbs cəzası alan bu adam(lar) üçün qurşaqdan aşağı əməllərə baş vurmaq, insanların namusuna, ləyaqətinə sataşmaq, maaşlarına göz dikmək saqqız çeynəmək qədər asan bir işdir. Ona görə ki, onlar üçün ailə dəyəri anlayışı artıq öz təsirini itirib.

4-cü İslam xəlifəsi olan Əli ibn Əbu Talibin ailə və mənəvi dəyərlər haqqında belə bir gözəl kəlamı var: “Başqasının namusu ilə vaxt keçirmək istəyənin öz namusundan xəbəri olmaz”.

Heç şübhəsiz ki, sadalanan bütün bu cinayətkar əməllərdən əgər sıravi bir ölkə vətəndaşının, o ölkənin mətbuat orqanlarının xəbəri varsa, mütləq ölkə rəhbərliyinin də xəbəri olacaq və bu günlərdə ölkə Prezidenti bir daha öz xəbərdarlığını edərək bütün bunların fərqində olduğunu və bu şəxslərə qarşı növbəti cəza üsullarının tətbiq olunacağını bildirdi.

P.S. Ölkə olaraq bu “dejavü”nü hər il yaşayırıq – öncə xəbərdarlıq olunur, ardınca özlərinə çəki-düzən verə bilməyən məmurlar qəfil DTX-nın “qonağı” olurlar, ardınca da üzrlər, peşmanlıqlar, yalvarışlar…

Nizami demiş, “gör ki, hara gedirsən, axırını dərk elə”, eli qəmə boğma, şad əməllərinlə könüllərini, sevgilərini al. Əks halda, sən saydığını say, gör, fələk nə sayır…

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »