Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın gəmiləri vurmasına görə məsuliyyəti Türkiyə öz üzərinə götürür
Rusiyanın gəmiləri vurmasına görə məsuliyyəti Türkiyə öz üzərinə götürür

İstanbulda dörd tərəf - Rusiya, Ukrayna, BMT və Türkiyə taxıl dəhlizinin təhlükəsizliyinə dair saziş imzalayıb. Sazişlə üç Qara dəniz limanından ərzaq məhsulları və taxıl ixracı açılacaq.

Bizimyol.info xarici mətbuata istiadla xəbər verir ki,  Ukrayna bir neçə aydır limanların blokdan çıxarılması ilə bağlı danışıqlar aparır. Türkiyədə danışıqlar ötən həftə də davam edib.

Rusiya sanksiyaların yumşaldılması və daha yaxşı şərtlərlə danışıqlar aparmağa çalışır. Amma buna baxmayaraq, müqaviləni imzalayandan bir gün keçməmiş o, Kalibr qanadlı raketlərlə Odessa limanına hücum edib.

İmzalanandan sonra dördtərəfli sazişin ingilis dilində tam mətnini Prezident Aparatı rəhbərinin müavini Andrey Sibiqa açıqlayıb. Ukrayna nümayəndəsi, infrastruktur naziri Aleksandr Kubrakov Türkiyə və BMT nümayəndələri ilə sənədi imzalayıb.

Analoji sənədi Rusiya nümayəndəsi, Rusiyanın müdafiə naziri Sergey Şoyqu imzalayıb.

Müqavilə nəyi nəzərdə tutur:

Ukraynanın üç limanı - Odessa, Çernomorsk və Yujnı mülki gəmilərin keçidi üçün blokdan çıxarılmalıdır.

Ümumi nəzarət və koordinasiya üçün İstanbulda BMT-nin himayəsi altında Birgə Koordinasiya Mərkəzi (JCC) yaradılacaq. Onun tərkibinə Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri daxil olacaq.

Gəmilər bütün tərəflərin nümayəndələrindən ibarət yoxlama qrupları tərəfindən yoxlanıldıqdan sonra təsdiq olunmuş qrafikə uyğun olaraq Ukrayna limanlarına gələcək. Müfəttişlik gəmilərdə icazəsiz yüklərin və personalın olub-olmadığını yoxlayacaq. Kubrakov əmindir ki, birgə yoxlama Ukrayna limanlarını mülki gəmilər adı altında “troya atları”nın girməsindən qoruyacaq.

Ukraynanın ərazi sularında bütün fəaliyyətlər Ukraynanın yurisdiksiyası və məsuliyyəti altındadır.

Tərəflər xüsusi dəhlizdən keçəcək mülki gəmilərə, həmçinin qeyd olunan üç limana hücum etməməyi öhdələrinə götürürlər.

Heç bir döyüş gəmisi, təyyarə və ya pilotsuz təyyarələr bu dəhlizə təsdiq edilmiş məsafədən daha yaxın gələ bilməz. Beynəlxalq dəniz qanunvericiliyinə görə naviqasiya təhlükəsiz məsafəsi 20 kabeldir (3704 metr).

Ehtiyac yaranarsa, Ukrayna gəmilərin keçidi üçün yolları qismən təmizləyə bilər. Lazım gələrsə, bu, başqa ölkənin minaaxtaran gəmisi tərəfindən edilə bilər.

Müqavilə imzalandığı tarixdən etibarən 120 gün müddətində qüvvədə olacaq və tərəflərdən hər hansı biri onu ləğv etmək istədiyini bildirməsə, avtomatik olaraq uzadılacaq.

Dənizin blokadasından sonra Ukraynanın qərb sərhədləri ilə - dəmir yolu, yük maşınları və Dunay vasitəsilə çay nəqliyyatı ilə ixracını artırmasına baxmayaraq, bu, bütün məhsulu götürmək üçün kifayət deyil. Blokadadan əvvəl ixracın 80 faizindən çoxu dəniz yolu ilə gedirdi.

Dəniz limanları olmadan, müharibənin beş ayı ərzində Ukrayna ayda cəmi 2-2,5 milyon ton ixrac həddinə çata bilib. Müqayisə edilərsə, ötən il Ukraynadan dəniz limanları vasitəsilə ayda 6 milyon tona qədər taxıl və 500-700 min tona qədər neft çıxıb.

İqtisadi Strategiya Mərkəzinin icraçı direktoru Qleb Vışlinski qeyd edir ki, Ukrayna üçün üç limanın blokdan çıxması ayda 1 milyard dollara qədər əlavə ixrac deməkdir. O, sazişin iqtisadiyyata müsbət təsirini ÜDM-in 5 faizi  səviyyəsində qiymətləndirir.

Bloomberg yazır ki, əməliyyatdan müsbət gözləntilərə baxmayaraq, ekspertlərin çətinlik çəkdiyi bir neçə məqam var. Xüsusilə:

- minalanmış suların təmizlənməsi;

- kifayət qədər sayda gəminin cəlb edilməsi;

- ciddi təhlükəsizlik riskləri nəzərə alınmaqla zəruri yük sığortasının təmin edilməsi;

- tədarüklərə mane olmamağı öhdəsinə götürən, lakin çox vaxt verdiyi sözə əməl etməyən Rusiya Federasiyasına inamsızlıq.

Əgər Ukrayna ərazi sularında gəmi mina tərəfindən partladılıbsa, o zaman bu, yalnız Ukraynanın üzərinə düşür. Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyir ki, “taxıl dəhlizi” suların təmizlənməsinə görə Ukrayna üçün hərbi risk daşımır.

"Əgər kimsə düşünürsə ki, Rusiya bu dəhlizin işləməsi bəhanəsilə qoşun yerləşdirə bilər, bu, real deyil”,- deyə Budanov bildirib.

Türkiyə Rusiya Federasiyası tərəfindən gəmilərin atəşə tutulmasına görə bütün məsuliyyəti öz üzərinə götürüb. Böyük Britaniyanın xarici işlər naziri Liz Truss və ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas-Qrinfild bildiriblər ki, onların ölkələri Rusiyanın Ukrayna limanlarının blokdan çıxarılması ilə bağlı razılaşmanı yerinə yetirməsinə yaxından nəzarət edəcəklər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »