Kreml rəhbərliyi özünü elə aparır ki, Ukrayna müharibəsində işlər plan üzrə gedir. Halbuki böyük itkilər göz önündədir. Rusiya ordusu döyüşlərdə təxminən 40 min hərbçisini itirib. Hətta Əfqanıstanda bu qədər itki olmamışdı. Rusiyalı hərbçilərin ortaya çıxan səsyazılarında gerçək mənzərə aydın olur.
Bizimyol.info xəbər verir ki, Ukraynada Kreml qoşunlarının tərkibində döyüşənlər yaxınları ilə telefon danışıqlarında, adətən, vəziyyətin ağır olduğunu deyirlər. Hərbçilərin real durumu başa düşdükləri hiss olunur. Onlar daha çox sağ qalmaq haqqında düşünür.
Ukrayna xüsusi xidmət orqanları növbəti səsyazısını ictimaiyyətə çatdırıb. Burada rusiyalı hərbçi yaxınına Kreml ordusunun böyük itkilər verməsindən danışır.
“Bölükdə 107 nəfər vardı, 10-u sağ qalıb. Dördü getdi, 6 nəfər qaldıq. Birinci taqımdan sağ qalan təkcə mənəm. Qalan 21 nəfəri öldürüblər”.
Səsyazısından məlum olur ki, Rusiya ordusu belə böyük itkini İzyumda verib. Rusiyalı hərbçi yerli sakinlərin ukraynalı döyüşçülərə məlumat ötürdüyünü deyir. Buna görə mobil əlaqə qüllələrini sıradan çıxarıblar. Rusiyalı hərbçi döyüşlərə travma ilə davam etdirdiyini bildirir.
“Kontuziya almışam. Sol qulağım sıradan çıxıb. Yenə İzyumda döyüşəcəyik. Əlbəttə, evə qayıtmaq istərdim. Amma çətin ki, bu mümkün olsun. Çox itki vermişik. Gözümün qabağında 25 nəfər öldü, meyitlərini çətinliklə ortalıqdan çıxardıq. Xəbərlərdə deyilənlərin hamısı yalandır. Heç birinə inanma”.
Ukrayna kəşfiyyat xidmətinin əvvəllər də ictimaiyyətə təqdim etdiyi səsyazılarının məzmunu fərqli olmurdu. Rusiyalı hərbçilər əsasən necə əziyyət çəkmələrindən, itkinin böyüklüyündən danışırdılar. Daha bir vacib məqam onların soyğunçuluq faktlarını dilə gətirməsidir. Rusiyalı hərbçilər dinc sakinlərin ev əşyalarını necə oğurladıqlarını, götürdüklərini fəxrlə qeyd edirlər.
Rusiya ordusu Ukraynada hərbçilərdən başqa, həm də çoxlu texnika itirib. Sıradan çıxan tankların sayı 1700-ü keçib. 900-a yaxın artilleriya sistemi yararsız hala düşüb. Rusiyada xarici agent statusu almış “Mediazona” həyatını itirən 4940 rusiyalının kimliyini müəyyənləşdirib. Rusiya Müdafiə Nazirliyi daha az itkilərdən danışır.
Aytən, Bizimyol.info