Hindistanlı milyarder Qautam Adani Bill Qeytsi geridə qoyaraq dünyanın dördüncü ən varlı adamı olub.
Bizimyol.info xarici mətbuata istinadla xbər verir ki, u barədə Bloomberg məlumat yayıb.
Bloomberg Milyarderlər İndeksinə əsasən, Adaninin sərvəti iyulun 21-də 112,5 milyard dollara yüksələrək, Microsoft Korporasiyasının həmtəsisçisini 230 milyon dollar geridə qoyub. Qeyd edilib ki, Hindistanlı maqnat bu il sərvətini 36 milyard dollar artıra bilib. Qeytsin sərvəti isə xeyriyyəçilik ianələri etdiyi və texnoloji səhmləri satdığı üçün azalıb.
İmperiyasını kənd təsərrüfatı məhsulları, kömür və liman ticarəti üzərində quran Adani, ənənəvi olaraq Amerika texnologiya sahibkarlarının üstünlük təşkil etdiyi sərvət siyahısında yüksələ bilib.

Adani həmçinin strategiyasını Hindistanın Baş naziri Narendra Modinin millət quruculuğu gündəliyi ilə uyğunlaşdıraraq yaşıl enerji, hava limanları, məlumat mərkəzləri, rəqəmsal xidmətlər və media sahələrində diversifikasiya edir. Adaninin eyniadlı qrupuna daxil olan firmalar Fransanın TotalEnergies SE və Warburg Pincus da daxil olmaqla qlobal investorları cəlb edə bilib.
Xatırladaq ki, Adani birinci nəsil biznesmenlərdəndir. O, universiteti yarımçıq buraxaraq, 1980-ci illərin sonunda kənd təsərrüfatı ticarəti firmasında işə başlayıb. Sərvətini son iki ildə toplayıb. Adaninin yüksəlişi dünyanın ən zəngin adamlarının xeyriyyəçilik fəaliyyəti ilə üst-üstə düşdüyü üçün o belə sürətlə irəliləyə bilib.
Qeyd edək ki, bu ayın əvvəlində Qeyts öz xeyriyyəçilik fonduna 20 milyard dollar göndərdiyini bildirib. Milyarderin xeyriyyəçilik fondlarını həyat yoldaşı Melinda Qeyts idarə edir.
Siyahıda yeddinci yerə enən Uorren Baffet təkcə iyunda 35 milyard dollardan çox xeyriyyə fonduna ianə edib.
Adani də xeyriyyə ianələrini artırıb. Belə ki, 60 illik yubileyi ilə əlaqədar olaraq müxtəlif sosial məqsədlər üçün 7,7 milyard dollar bağışlayacağını vəd edib.
Hazırda ilk beşlik aşağıdakı kimidir:
1. İlon Mask (ABŞ) - 242 milyard dollar
2. Ceff Bezos (ABŞ) - 148 milyard dollar
3. Bernar Arno (Fransa) - 137 milyard dollar
4. Qautam Adani (Hindistan) - 113 milyard dollar
5. Bill Qeyts (ABŞ) - 112 milyard dollar
İlahin, Bizimyol.info