Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı avqust ayının 13-20 tarixlərində Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutacaq.

Bizimyol.info xəbər verir ki, SEVİL Beynəlxalq Qadın Sənədli Film Festivalı – müstəqil, regional sənədli film festivalıdır. Festival proqramı çərçivəsində nümayiş olunan filmlər gender məsələlərinə toxunur.

Bu ilki şüarı "Bizdən sizə kim düşə?" olan festivalın bu il üçün mövzusu isə qadınları sərhədləyən stereotiplərlə bağlıdır və fəaliyyətini stereotiplərin qırılmasına həsr edir.

Belə ki, məqsəd Qadın Film Festivalı olaraq əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsi ilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlamaq və festival proqramı çərçivəsində planlanılan fəaliyyətin buna xidmət etməsidir.

Seçki komissiyası tərəfindən seçilən filmlər, ən yaxşı uzun metrajlı film, ən yaxşı qısametrajlı sənədli film və yerli sənədli film kateqoriyası üzrə yarışacaqlar. Bundan əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, masterklasslar, panel müzakirələr, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyəcək. Ötən illərdə olduğu kimi bu il də müxtəlif ölkələrin film insanları festivalın qonağı olacaq.

Proqramın bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş etdiriləcək. Festivalın təşkilatçılıq işlərində isə xüsusən Bakı, Şəki və Lənkəran şəhərlərinin gəncləri əməkdaşlığa cəlb edilib.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın "goEast" film festivalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Sevilfestin bu ilki qalib rejissoru "goEast" tərəfindən təşkil edilən "East-West Talent Lab"da iştirak haqqı qazanacaq.

Son olaraq qeyd edək ki, Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb.

Qeyd edək ki, festival üçün seçilən “Sevil” adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının Sevil pyesindən götürülüb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »