Ukrayna prezidenti Vladimir Zelenskinin səyləri nəticəsiz qalıb.
Bizimyol.info xəbər verir ki, Ukraynada müharibə davam edərkən Qərb Kiyevə hərbi yardımını davam etdirir. Rusiyaya qarşı kifayət qədər addım atmadığı və Ukraynaya dəstək vermədiyi üçün tənqid edilən Almaniya isə reaksiyalardan sonra Kiyevə silah yardımı etmək qərarına gəlib. Ancaq Almaniya mətbuatında yer alan xəbərlərə görə, Almaniya hökuməti bu qərarın arxasında dayanmayıb.
“Die Welt” qəzetindəki xəbərə görə, Almaniya kansleri Olaf Şolz Ukraynaya tədarükün artırılması vədinə baxmayaraq, ona verdiyi hərbi dəstəyi kəsir. Eyni xəbərdə bildirilirdi ki, hökumətin Kiyevə təhvil verdiyi və iyunun 21-də dərc edilən silah siyahısı Almaniyanın Ukraynaya göndərdiyi ləvazimatların sayını azaltdığını göstərir.
Məlumata görə, "RTL/ntv Trendbarometer" tərəfindən aparılan sorğu göstərir ki, Almaniya ictimaiyyətinin əksəriyyəti Şolzun addımının əksinə olaraq Ukraynaya silah yardımını dəstəkləyir. Lakin respondentlərin 52 faizi silah yardımını dəstəklədiyi halda, hər yüz adamdan 42-si bu siyasətin əleyhinədir.
Qeyd edək ki, Ukrayna lideri Zelenski Qərb ölkələrindən hər fürsətdə daha çox silah yardımı tələb edir və mövcud yardımla Rusiyanı məğlub etməyin çox çətin olduğunu vurğulayır.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə Qərb silahlarının tədarükünün Kremlin hesabını dəyişdiyini ifadə edərək, “indi coğrafi hədəflər fərqlidir. Hədəflər artıq təkcə DNR və LNR ilə bağlı deyil, həm də Xerson vilayəti, Zaporojye və bir sıra digər bölgələrlə bağlıdır”. Lavrov həmçinin bildirib ki, NATO ölkələri Ukraynaya silah göndərməklə “odla oynayır”.
Xatırladaq ki, Moskva ötən dövrdə “dost olmayan ölkələr” siyahısını hazırlamış və bu siyahıya daxil olan ölkələrə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlmişdi.
Onu da bildirək ki, Rusiya hökumətinin dərc etdiyi siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib. Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.
Leyla, Bizimyol.info