Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni təyyarələr "AZAL"-ın nəyinə lazım: İsraf sevgisi azalmaq bilmir
Yeni təyyarələr "AZAL"-ın nəyinə lazım: İsraf sevgisi azalmaq bilmir

“Azərbaycan Hava Yolları” Mətbuat xidmətinin yaydığı məlumatda bildirilirdi ki, AZAL aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.

Belə ki AZAL-ın prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar. Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu ("Farnborough International Airshow" - Böyük Britaniya) çərçivəsində baş tutub. Adıçəkilən hava gəmilərinin 2025 – 2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.

Ölkədə aviabilet qiymətlərinin fantastik şəkildə bahalaşmasına, vətəndaşların AZAL-dan kütləvi şəkildə narazılıqlarına baxmayaraq, şirkət rəhbərliyi öz alverinə davam edir. Maraqlı və sual doğuran məqam isə burasındadır ki, qiyməti milyon dollarlarla ölçülən həmin təyyarələr alındıqdan bir neçə il sonra “badımcan taksi qəbristanlığı”nın aqibətini yaşaya bilərmi?...

Bəli, bir zamanlar Avropadan ölkəmizə dayanmadan, sel kimi axan, xalq arasında  “badımcan”, “pomidor”  adlanan taksilər var idi, hansı ki, bu avtomobillərin ölkəyə gətirilməsinə və reklamına milyonlarla manat vəsait ayrılmışdı. Bir neçə il fəaliyyət göstərib, ölkə turistlərini ora-bura daşıyan həmin avtomobillərin indi Binəqədi ərazisində “qəbristanlığı” salınıb və ölkə vətəndaşı həmin “qəbristanlığı” ziyarət belə etmək istəmir. Ona görə ki, ölkəyə gətirildiyi gündən bu taksilər demək olar ki, ancaq turistlərə xidmət göstərirdi və o qədər bahalı idi ki, paytaxt sakinləri bu taksilərdən istifadə edə bilmirdilər. Hətta bu taksilərin “asıb-kəsən” vaxtında belə bir zarafat yaranmışdı ki, guya “badımcan” taksilərdən ancaq oliqarx həyat yaşayan insanlar istifadə edə bilər. Bu ifadənin mənbəyi əlbəttə ki, həmin taksilərin qiymətlərinin fantastik olmasında idi. Bir zamanlar “oliqarx”ları, ya da turistləri daşıyan həmin “badımcan” taksilər indi elə adları kimi “badımcanlığa” tərk olunub.

Yaxşı, bəs “AZAL”-ın yüz milyonlar töküb aldığı, yaxud alacağı 4 “Dreamliner” necə? İndi dilimizə “röya” kimi tərcümə olunan bu təyyarələr gələcəkdə həm bizim, həm də büdcəmizin kabusu ola bilərmi? Yaxud onlar da bir neçə il sonra taksilər kimi “badımcanlığa” yola salına bilərmi? Bu sualların yaranmasının haqlı səbəbləri var, onlardan ən mühümü də aviabiletlərin qiymətləridir.

“Dreamliner” tipli təyyarələrin ən önəmli xüsusiyyəti ondan ibarətdir ki, bu təyyarələr uzaq bölgələrə - Avropa dövlətləri və ABŞ kimi ölkələrə birbaşa reys həyata keçirirlər. Həmin reyslərin qiyməti isə yüzlərlə, bəlkə də minlərlə manat dəyərindədir. Belə olan halda o təyyarələrin salonları dola biləcəkmi? Ya təyyarə beş-on nəfər üçün o qədər yol qət edəcək? Bu gün quru yollarla İrana müalicəyə, Gürcüstana alverə, Türkiyəyə fəhləliyə gedə bilməyib, etiraz edən insanlar üçün “AZAL”-ın bu “bərəkətli” ticarət müqaviləsinin nəsə anlamı varmı? Büdcəni “tənzimləmək” adı ilə uşaqpullarının verilmədiyi və deputatların bəzilərinin özünü görməzliyə, eşitməzliyə, anlamazlığa vurduğu ciddi bir problemin olduğu vaxtda “AZAL”ın milyonlarla vəsait ayıraraq bu təyyarələri alması çoxmu zəruri idi? O “AZAL” ki, hər ili nəhəng iqtisadi zərərlə başa vurur, borc-xərc içində boğulub gedir.

Natiq Cəfərli Natiq Cəfərli

Məsələ ilə əlaqədar Bizimyol.info-ya danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, problem əslində təyyarələrin alınmasında yox, “AZAL”-ın işləməsindədir: “Əgər “AZAL”ın işindən ölkədə bu qədər narazılıq varsa, qiymətlər çox yüksəkdirsə, rəqabətli mühit yoxdursa, şirkət indiki dövrdə bu təyyarələrin alınmasının mexanizmini də açıqlamalı idi. Çünki “AZAL” dövlət şirkətidir və hesabatlı olmalıdır. Əgər bunu dövlət hesabına, dövlətin zəmanəti ilə alırlarsa, o zaman “AZAL” həm öz fəaliyyətində, həm də qiymətlərdə bunu nəzərə almalıdır. Yox, əgər bu müqavilə “AZAL”-a fürsət verəcək ki, borcları ödəməkçün qiymətləri bir qədər də qaldırsın, o zaman təbii ki, bu, Azərbaycan vətəndaşlarının ziyanına işlənmiş fəaliyyətə çevriləcək. Onu da əlavə edim ki, aviaşirkətin şəffaf işləməsi üçün yerüstü xidmətlər “AZAL”-dan alınmalıdır. Azərbaycanda aviabiletlərin çox baha olmasının əsas səbəbi “AZAL”-ın həm də yerüstü xidmətlərin əsas moderatoru olmasıdır”,– deyə Natiq Cəfərli bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »