Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeddinci sanksiyalar paketi təsdiqləndi: Hansı qadağalar qüvvəyə mindi
Yeddinci sanksiyalar paketi təsdiqləndi: Hansı qadağalar qüvvəyə mindi

Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyadan qızıl və zərgərlik məmulatlarının idxalına qadağa qoyulması qərarını ehtiva edən yeni sanksiyalar paketini təsdiqləyib. Bununla belə, Rusiyanın hərəkətlərinə baxmayaraq, tətbiq edilən sanksiyaların qlobal ərzaq və enerji təhlükəsizliyinə təhdid yaratmaması təmin ediləcək.

Bir müddətdir gündəmdə olan Rusiyadan qızıl idxalına qadağa qoyulması ilə bağlı yekun qərar verilib. Aİ-nin dönəm sədri Çexiyanın rəsmi sosial media hesabında paylaşılan yazıda Brüsseldə keçirilən toplantıda Rusiyaya qarşı yeni sanksiyalar paketinin təsdiqləndiyi və bu tədbirlərin Aİ-nin rəsmi səhifəsində dərc edilərək qüvvəyə minəcəyi bildirilib.

Paketə əsasən, Rusiyanın bəzi məmur və qurumlarının aktivləri dondurulacaq. Sanksiya siyahısına əlavə olunacaq şəxslərə səyahət qadağası tətbiq olunacaq. Rusiyadan qızıl və zinət əşyalarının idxalına qadağa qoyulacaq. Daha əvvəl beynəlxalq ödəniş sistemindən SWIFT-dən çıxarılan Rusiyanın ən böyük bankı Sberbank-ın aktivləri dondurulacaq.

Tətbiq olunan sanksiyaların bütün dünyada ərzaq və enerji təhlükəsizliyinə təhlükə yaratmaması təmin ediləcək.

Yeni tədbirlər Aİ sanksiyalarını G7 ölkələri ilə uyğunlaşdıracaq. Bu, mövcud sanksiyaların tətbiqini gücləndirəcək və hüquqi boşluqları dolduracaq.

Qeyd edək ki, bu, Avropa İttifaqının Rusiyaya qarşı sayca 7-ci sanksiyalar paketidir. Rusiya sanksiyalar altında yoxsullaşsa da, bütün bunlar hələlik prezident Vladimir Putini dayandırmır. Ölkədə yüz minlərlə iş yeri bağlanıb, çoxlu sayda istehsal sahələri fəaliyyətini dayandırıb. Rusiya enerjidaşıyıcılarının satışından milyardlar qazansa da, idxal-ixrac qadağaları üzündən bu vəsaitlərdən səmərəli şəkildə istifadə edə bilmir.

Ukrayna Rusiyanın neft və qazından imtina olunmasını tələb etsə də, hələlik Avropa bu qərarı verməyə hazır deyil. Avropa, xüsusən də Almaniya böyük miqyasda Rusiyadan gələn qazdan asılıdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »