Türkiyənin yerli istehsalı olan “Togg” avtomobilinin hazır modeli İstanbulda nümayiş etdirilib.
Avtomobilin kütləvi istehsalına 2022-ci ilin son rübündə başlanacaq. Ancaq avtomobil indidən vətəndaşların diqqətini çəkir. "Togg" elektriklə işləyən avtomobillər istehsal edəcək.
Bizimyol.info Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu ilin yanvar ayında ABŞ-ın Las-Veqas şəhərində keçirilən CES Sərgisində nümayiş etdirilən “Concept Smart Device” adlanan yerli avtomobilin sedan modeli 3 ay ərzində nümayiş etdiriləcək.
Xatırladaq ki, “Togg” dizaynerləri tərəfindən hazırlanmış avtomobilin ön şüşəsi elektrik arxitekturasına uyğun olaraq hazırlanıb.
Bənövşəyi və mavinin qarışığı ilə metalik boz rəngə çalan avtomobil eksteryer dizaynı ilə yanaşı, daxili dizaynı ilə də diqqət çəkir. Avtomobilin daxili SUV dizaynını daşısa da, sükanı zərif dizayna malikdir.
Avtomobilin salonunda quraşdırılmış təhlükəsizlik kəmərləri ilə 4 tək oturacaq olsa da, orta sütunu yox edən dizaynı ilə qapıların kitab kimi açılması diqqət çəkir.
Avtomobilin ön oturacaqları üçün açıq rəngli dəri istifadə edilib. Arxa oturacaqlar üçün isə, tünd rənglərə üstünlük verilib.
Xatırladaq ki, 2030-cu ilə qədər tək platformadan 5 fərqli modelin istehsalı ilə 1 milyon avtomobil istehsal etməyi planlaşdırır. Hazırda avtomobilin kütləvi istehsalına hazırlıq prosesi davam edir.
Məlumata görə, layihə çərçivəsində istehsal 175 min ədədə çatarsa, bu 4300 nəfərin iş ilə təmin olunmasına gətirib çıxaracaq. Şirkət işçilərinin 30 faizinin qadın olması hədəflənib.
Müəssisədə yerli məşğulluq nisbəti 2025-ci ildə 68 faizə çatacaq.
Qeyd edək ki, "Togg" modeli xarici medianın da diqqət mərkəzindədir. Əlverişli qiymətə təklif ediləcəyi gözlənilən bu modelin dünyada sürətlə populyar olacağı gözlənilir.
İlahin, Bizimyol.info