Jurnalistika təkcə Azərbaycanda eyni zamanda dünyada da dördüncü hakimiyyət olub. Jurnalistikaya münasibət belə olub və bu fikir təsadüfi səslənməyib. Jurnalistika əslində hakimiyyətin tərəflərindən biridir.
“Mən hesab edirəm ki, jurnalistika dördüncü hakimiyyət kimi yerində qalsa faydalıdır. Həm cəmiyyət, həm dövlət, həm xalq üçün faydalıdır. Bütün mənalarda jurnalistika faydalı bir fəaliyyət növüdür. Son illər jurnalistikanın bəzi insanlar tərəfindən fərqli istiqamətə meylləndirildiyini müşahidə edirəm. Mən deməzdim ki, Azərbaycan jurnalistikası kifayət qədər güclüdür. Əlbəttə öz işini sevən, fədakar, işini bilən, həm də peşəkar jurnalistlər az deyil. Amma çox da deyil. Bəlkə də elə də çox olmalı deyil. Yenə nə qədər çox olsa hesab edirəm ki, faydalıdır. Məsələn mən təhsil-elm adamı olaraq, bəzən jurnalistlərdən elə suallarla qarşılaşıram ki, bu insan başqa yerdə özünə yer tapmayıb deyə jurnalistikaya gəlib. Ölkəmizdə peşəkar təhsil saytları yoxdur, peşəkar təhsil jurnalistləri yoxdur. Bu işə meyl edənlər və yaxud maraq göstərənlər əksər hallarda həvəskarlar, məqsədləri olmayan insanlar olur. Əslində jurnalistika belə olmalı deyil.
Jurnalist ixtisaslaşmasına ciddi ehtiyac var. Elmdən yazan jurnalist, elm sahələrindən məlumatlı olmalıdır. Mən demirəm profesional olaraq elm xadimləri qədər məlumatlı olmalıdırlar, amma hər halda məlumatlı olmalıdırlar. Yaxşı sual vermək üçün savadlı olmalıdırlar, o sahəni bilməlidirlər.
Təhsil jurnalistikasına toxunmadım. Mənim gün ərzində onlarla jurnalistlə ünsiyyətim olur. Çox az sayda jurnalistlər var ki, sualı doğru verirlər, sualı peşəkar qoya bilirlər və eyni zamanda məzmun baxımından sualı düzgün formalaşdıra bilirlər. Buna səbəb odur ki, adamlar oxumurlar, adamlar öz üzərilərində işləmirlər. Bir universitet diplomu var, başqa yerdə özünə iş tapa bilmir və fikirləşir ki, mən gəlib jurnalist olaram, jurnalistika ən asan sahələrdən biridir. Kobud səslənəcək amma bir dövrlər müəllim peşəsinə kimlər gəlmirdi ki? Fikirləşirdilər asan peşə budur. Amma müəllimlik asandırmı? Təbii ki, yox. Məsələn peşə olaraq mən deyirəm taksi sürücüsü bir peşədir, amma kimin Azərbaycanda sürücülük vəsiqəsi var, maşını var, deyir “mən taksi sürücüsüyəm”.
Məsələn Almaniya kimi ölkədə, məgər hər kəs gedib taksi fəaliyyəti ilə məşğul ola bilərmi? Əlbəttə ki, yox. O, konkret olaraq bir məktəb keçməlidir. Psixoloji testdən keçməlidir. İnsanlarla rəftarla bağlı imtahan verməlidir. Onun yoluxucu xəstəliyi olub, olmaması ilə bağlı imtahan verməlidir. Eyni zamanda oxumalıdır, insanlarla rəftarı öyrənməlidir. Ama bizdə kimin işi yoxdursa, alıb bir taksi sürəcək. Elmdə də bu cürdür, təəssüf ki”.
Bu sözləri Bizimyol.info xəbər portalına Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib. Onun sözlərinə görə, Azərbaycanda işdən qovulmuş bir məmur hansı ki, illərlə çalışdığı sahədə xalqa xidmət etməyib, çirkinliklə məşğul olub. O, işdən çıxarılır, onu gətirirlər Elmlər Akademiyasına. Şöbə yaradıb, həmin şöbənin rəhbəri edirlər. Gəlir və oradan cəmiyyəti zəhərləməyə başlayır. Jurnalistika da belədir. Hər sahədə olduğu kimi, əlbəttə bu sahəni inkişaf etdirəcək, bu sahəni qiymətləndirəcək, bu sahəni dəyərə mindirəcək insanlar olmalıdır.
“Mən həm də Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvüyəm. Nəyi müşahidə edirəm? Bəziləri jurnalistikada guya jurnalistdir, eyni zamanda QHT rəhbəridir. Əslində nə ondan deyil, nə bundan deyil. Sadəcə bu adamın marağı cəmiyyəti aldadıb pul qazanmaqdır.
Təbii ki, insan yaşamalıdır. İnsana pul da lazımdır. Amma peşə dəyərdir, peşəni sevmək lazımdır, peşəyə bağlı olmaq lazımdır. Peşəni dəyərləndirən də insanlardır. Bir çox hallarda özünə jurnalist deyən dırnaq içində "jurnalistlər" bunu hörmətdən, qiymətdən və gözdən salırlar. Əslində belə də olub.
Məşhur "Ac Həriflər"i nümunə gətirəcəyəm. Nə qədər olub ki, bir qarın yeməyə görə hər şeyindən, məsləyindən, əqidəsindən dönüb. Götürün, "O olmasın Bu olsun"u. Azərbaycanda öz qələmindən sui-istifadə edən həmişə olub, hər zaman olacaq” - deyə İ.Orucov qeyd edib.
İlqar Orucov, Azərbaycanda dövlətin jurnalistikanı bu hala salmaq da maraqlı olduğunu düşünmür. Onun fikrincə, jurnalistikanın güclənməsi üçün ağıllı dövlətlər, ağıllı hakimiyyətlər hər zaman maraqlı olub və Azərbaycanda da belədir.
“Mənim üçün bu sahə dəyərlidir. Fədakar insanlar var. Məsələn, jurnalist qisasçı olmamalıdır. Jurnalist ədalətli olmalıdır, jurnalist tənqid edəndə o sənə adekvat olaraq, sağlam tənqidi varsa ortaya qoymalıdır. O, qərəz etməməlidir. Vicdanlılıq burada vacib şərtdir.
Azərbaycan jurnalistikasında çox az sayda vicdanlı insanlar tanıyıram. Hətta özünə “Media kapitanı” deyənlər, burada oliqarxa çevrilənlər var. Bunu cəmiyyət görmürmü, bunu sadə jurnalistlər görmürmü, bunu məmurlar dövlət işində çalışanlar görmürmü, görürlər. Fikirləşirlər ki, hansı ki, o insan oliqarxa çevrilib, deməli onu satın almaq da olar. Onu idarə etmək də olar və bu ona gətirib çıxarıb ki, “jurnalistika 4-cü hakimiyyət” təsəvvürləri artıq ortadan çıxmaqdadır.
Jurnalistika vətəndaş cəmiyyətinin vacib elementlərindən biridir. Jurnalistika eyni zamanda cəmiyyəti neqativlərdən təmizləyən,eyni zamanda zərərvericiləri sıradan çıxaran, cəmiyyətin sanitarları olmalıdırlar. Mən belə görürəm, belə düşünürəm. İstiqamətverici, hərəkət verici insanlar olmalıdırlar” - deyə ekspert əlavə edib. O, hesab edir ki, jurnalistikaya hörmət etməyən cəmiyyətlər normal cəmiyyət ola bilməzlər. Demokratik cəmiyyətlər ola bilməzlər. Yetər ki, jurnalistika da jurnalistika olsun. Çünki hər şey öz dəyərində, öz yerində olanda yaxşıdır. Din də belədir, bütün fəaliyyətlər belədir.
“Bir özünə jurnalist deyən və böyük bir neçə, həm yazılı həm onlayn medianı idarə edən əli kimlərinsə cibində olan bir adamın fəaliyyətini tənqid edəndə sənə qisasçı zəminində yanaşır. Artıq bu jurnalistika deyil, reketçilikdir, qərəzlilikdir. Bu vicdandan kənar olmaqdır. Vicdandan kənar hissləri daşıyan insan jurnalistikada ola bilməz. Günümüzün reallığı budur və o insanlar təəssüf ki,hələki başdadırlar. Bu zərərlidir. Düşünürəm ki, dövlət jurnalistikanı müdafiə etməlidir, jurnalistikanın asılılığını aradan qaldırmalıdır. Amma bu niyyət saf olmalıdır. Mən bir müqayisə aparacağam. İndi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi fəaliyyət göstərir. Əvvəllər bu, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu idi. O fondun rəhbərliyi nə oyunlardan çıxmadı. O insanların üzündə olan əda gözümün önündədir. Yekəxanalıq, ədəbazlıq, müştəbehlik. Bu cür adamlar jurnalist deyil. Amma reallıq bundan ibarətdir ki, onlar jurnalistikanın başında dururdular. Təbii ki, onlar sağlam jurnalistikanı istəyə bilməzdilər. Onlar maraqlı idilər ki, ölkəmizdə sağlam jurnalistika məhv olsun dağılsın. Mən informasiya savaşında 44 günlük Vətən Müharibəsində bizim savadlı jurnalistlərin nə qədər az olmasını ürək ağrısı ilə müşahidə edirdim. Amma qeyd etdiyim insanlar vaxtında vicdanlı olsaydılar... Hansı ki, mətbuatın başında duran insanlar hansı ki, onlara məqamlar etibar olunmuşdu. Əlbəttə ki, cənab prezident təkbaşına informasiya savaşını aparmazdı. Təkbaşına informasiya savaşının önündə həm informasiya cəbhəsində, həm hərbi cəbhədə, həm diplomatiya cəbhəsində bütövlükdə o yükü tək başına öz çiyinlərinə almazdı, tək daşımazdı. Bu onu göstərir ki, eyni zamanda həqiqətəndə bütün sağlam cəmiyyətlərin sağlam dövlətlərin, inkişafı hədəf götürmüş dövlətlərin demokrratik prinsiplərə, sədaqət nümayiş etdirən, dövlətlərin, cəmiyyətlərin hər zaman sağlam jurnalistikaya ehtiyacı olub. Hər zaman jurnalistikanı 4-cü hakimiyyət olaraq görmək istəyiblər. Düşünürəm ki bizim dövlətimiz də bunu hədəf götürüb və bunu görmək istəyir. Amma zamanında bu sektora "yapışmış" bəzi çirkin adamlar hələ ki, buna imkan vermirlər” - deyə İlqar Orucov vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi bu işdə dövlətin və dövlət başçısının yanında olmalıdır. Zaman-zaman o adamları uzaqlaşdırmalıdır. Cəmiyyət özü də maarifçi olmalıdır.
“Mən bu baxımdan bizim cəmiyyəti də maarifçi cəmiyyət, oxuyan cəmiyyət saymıram. İnsanlar çox oxusalar o reketlərə, o dələduzlara da yer olmaz. Hazırda görünən odur ki, o cür insanlar üçün geniş imkanlar var” - deyə ekspert vurğulayıb.
İlahin, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.