Latviya prezidenti Egils Levits Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyinə görə vətəndaşlıqdan məhrum edilməsi ideyasını dəstəkləyib.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə Rusiyanın “RTV”i kanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, indiki vəziyyətdə “bitərəf” olmaq mümkün deyil.
“Əgər insan bitərəfdirsə, deməli, o, məsələnin mahiyyətini dərk etməyib”,- deyə preizdent bildirib. Levitsin sözlərinə görə, latviyalı ruslar arasında açıq-aşkar ukraynapərəst olanlar var, nələrin baş verdiyini hələ dərk etməyənlər, lakin tədricən anlaşmaya doğru irəliləyənlər də var.
"Və azlıq təşkil edən bir hissə Rusiyanın mövqeyini dəstəkləyir. Bu isə o deməkdir ki, onlar demokratiya spektrindən kənardadırlar",- deyə ölkə prezidenti vurğulayıb.
O qeyd edib ki, belə şəxslər Latviya vətəndaşlığından məhrum edilənlər siyahısına daxil edilə bilər. Burada söhbət ikili vətəndaşlığı olanlardan gedir.
"Onların vətəndaşlığı əlindən alına bilər. İndi Seymdə belə bir layihə var. Biz bu demokratik spektrdən kənarda olan bu cür fikirlər səsləndirənlərə baxırıq. Kifayət qədər aqressivdirlər... Məsələn, bu, "cihadçı"lara aiddir”,- deyə Latviya prezidenti əlavə edib.
Xatırladaq ki, 2022-ci ilin aprelində Latviya Seymi digər demokratik ölkələrin ərazi bütövlüyünü təhdid edən hərəkətləri dəstəklədiyinə və bu cür hərəkətlərdə bilavasitə iştirak etdiyinə görə insanları ikili vətəndaşlıqdan məhrum edən qanunu müvəqqəti olaraq təsdiqləyib.
Əgər belə bir şəxsin bir vətəndaşlığı varsa, Latviyada onu vətəndaşlıqdan məhrum etmə mexanizmi hələ yoxdur.
Bir il əvvəl Levits Baltikyanı ölkələrin Sovet işğalının nəticələrindən, o cümlədən rus dilindən qurtulmağa çağırıb.
İlahin, Bizimyol.info