Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dağıstanlı hərbçilər Ukraynada döyüşməkdən imtina edib
Dağıstanlı hərbçilər Ukraynada döyüşməkdən imtina edib

Rusiya ordusunda ölənlərin əksəri bölgələrdəndir. Buryatiyanın və Dağıstanın üzərinə xüsusi yük düşür. İtkilərin statistikasına görə, Ukrayna müharibəsində bu respublikalarda doğulmuş hərbçilər arasında daha çox həyatını itirənlər olub. Bu mənada ordudan imtina cədvəlində buryatiyalıların və dağıstanlıların lider yerləri tutması təəccüblü görünməməlidir.

Bizimyol.info xəbər verir ki, bir müddət əvvəl Buryatiyadan olan 150 müqaviləli hərbçi ordudan imtina etmişdi. İndi Dağıstandan belə xəbərlər gəlir. Azərbaycanla sərhəddə yerləşən respublikanın 300 hərbçisi daha Ukraynada döyüşmək istəmir.

Həmin hərbi qulluqçular Donetsk bölgəsindəki döyüşlərdə iştirak edirmiş. Bir çoxunun əl və ayaq barmaqlarını don vurub. Bundan sonra ordudan kütləvi imtina başlayıb. Müqaviləyə son qoyan hərbçilər Dağıstana qayıdıblar. Onları Buynaksk şəhərində fərari kimi qarşılayıblar. Hərbçilərin bəzisi təzyiqlərə dözməyib, yenidən Ukraynaya yollanıb.

Qərb mediası müqaviləyə son verən hərbçilərlə danışmağa çalışıb. Amma onların heç biri buna cürət etməyib. Çünki yerli hökumət hərbi qulluqçuları bu addımına görə bağışlamır. Onlara çox böyük təzyiq var.

Buryatiyalı hərbçilər vətənə iyulun 13-də qayıtmışdı. Onları Ulan-Ude hava limanında yaxınları qarşılamışdı. Hərbi qulluqçuların sözlərinə görə, müqavilələrə son verəndən sonra ordu rəhbərliyinin çox pis münasibətilə qarşılaşıblar. Bir müddət Luqansk vilayətində düşərgədə saxlanılıblar. Çoxlu təhdidlər gəlib. Onlara haqqında cinayət işi açılacağı da deyilib.

Dağıstan kimi Buryatiyada da ordudan imtina dalğası müşahidə edilir. Buryatiyalı qadınlar həyat yoldaşlarının və qardaşlarının müharibədə iştirakının əleyhinədir. Çünki məhz bu respublikadan Ukraynada ölən xeyli hərbçi var.

“Azad Buryatiya” fondunun rəhbəri Aleksandra Qarmajapova imtina etmək istəyənlərin çox olduğunu bildirir. Təşkilata daha 350 hərbçinin yaxınları müraciət edib. Təhdidlər çoxdur, amma hərbi qulluqçular da müharibədən bezib. “Azad Buryatiya” mümkün qədər çox hərbçini arzuolunmaz döyüşlərdən xilas etməyə çalışır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »