Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Mətbuat Günü münasibətilə “Neft Daşları”na yerli və xarici media nümayəndələrinin səfəri təşkil olunub
Milli Mətbuat Günü münasibətilə “Neft Daşları”na yerli və xarici media nümayəndələrinin səfəri təşkil olunub

Milli Mətbuat Günü ərəfəsində - 2022-ci il 18 iyul tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yerli və xarici media nümayəndələrinin “Neft Daşları”na səfəri təşkil olunub.

Səfərdə, həmçinin Vətən müharibəsi qaziləri və veteran neftçilər iştirak ediblər.

“Neft Daşları”nda qonaqları Neft-qaz çıxarma idarəsinin rəisi Balaəli Cəfərov qarşılayıb.

İştirakçılar əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin “Neft Daşları”nda ucaldılmış abidəsini ziyarət edib, Ulu Öndərin adını daşıyan muzey ilə tanış olublar. Nümayəndə heyətinə Ümummilli Liderin neft sənayesinin inkişafına göstərdiyi diqqət və qayğısını əks etdirən tarixi fotolar haqqında məlumat verilib.

Daha sonra görkəmli neftçi-geoloq Ağaqurban Əliyevin abidəsi və Xəzəri fəth edərkən dənizdə həlak olmuş neftçilərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edilib.

Qarabağ qazisi  Zahid Məmmədkərimov ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  şəhid olmuş neftçilərin abidə kompleksinin  qarşısında  həmkarlarının qəhrəmanlığından danışıb.

Səfər iştirakçıları daha sonra dünyada, açıq dənizdə sənaye üsulu ilə qazılan ilk neft quyusu ilə tanış olublar, onlara quyunun tarixi və istismar dövrü barədə məlumat verilib.

Nümayəndə heyəti, həmçinin Qaz Turbin İstilik Elektrik Stansiyasına səfər edib.

Kütləvi informasiya vasitələrinin nümayəndələri ilə keçirilən görüşdə “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov Milli Mətbuat Günü münasibətilə onları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən qocaman neftçi professor Alçın Şirinzadə müxtəlif vaxtlarda media nümayəndələri ilə görüşlərindən məmnunluqla danışıb.

Tədbir neftçilərin təqdimatında Milli Mətbuat Gününə həsr olunmuş konsert proqramı ilə yekunlaşıb.

Son xəbərlər
Bütün xəbərlər »