Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıt Texnologiyalar Parkına media-tur təşkil edilib - Video
Sumqayıt Texnologiyalar Parkına media-tur təşkil edilib - Video

Bu gün media nümayəndələri üçün Sumqayıt Texnilogiyalar parkına media-tur təşkil edilib. Jurnalistlərə şirkət və onun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Media nümayəndələri zavodlar və laboratoriyalar ilə yaxından tanış olublar.

"STP-yə daxil olan “Global Gable” şirkəti ilk dəfə olaarq Azərbaycanda elektrik generatorunun istehsalını həyata keçirib. Bu, Azərbaycan iqtisadiyyatı üçün çox önəmli bir hadisədir. Çünki bu günə qədər biz dizel elektrik generatorlarını xaricdən alırdıq. Bizim yerli istehsal hazırda ixrac olunan məhsullardan birini əvəz edə biləcək" - deyən STP Global MMC-nin Araşdırma və İnkişaf Departamentinin direktoru Yusif Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, STP yerli bazara istiqamətlənib: “İlkin olaraq, yerli bazara istiqamətlənmişik. Amma hədəfdə ixrac da var. Bizim yerli istehsal sonunda yaranan qiymətlə bizə imkan verəcək ki, yaxın qonşu ölkələrə bu məhsulun ixracını həyata keçirək”.

Jurnalistlər öncə STP-nin kabel zavoduna baxış keçirib. Daha sonra jurnalistlər telekommunikasiya kabellərinin istehsalı sahəsi ilə tanış olublar. Bildirilib ki, istehsalat sahəsi yeganə sahədir ki, burada fiberooptik kabellər də istehsal edilir.

“Bizim istehsalımız olan fibroptik kabellər, Azərbaycanda satılan ən keyfiyyətli fibroptik kabellərdir. Buna səbəb isə, şirkətin ən yüksək keyfiyyətli yapon liflərindən istifadə etməsidir. Bazarda daha ucuzları var. Çin və yaxud digər ölkələrin ucuz məhsulundan istifadə edənlər olur. Bilirsiniz ki, bu gün yapon istehsalı dünyada bir nömrəlidir. Bizdə keyfiyyəti qorumaq məqsədilə yapon fiberlərindən istifadə olunur. Bu səbəbdən də bizim məhsullar bazarda keyfiyyəti ilə tanınır. Keyfiyyətin digər səbəbi isə odur ki, STP-də istehsal olunan məhsullar laboratoriyalarda test ediləndən sonra satışa çıxarılır. Bazarda qüsuru olan STP məhsulu tapmaq mümkün deyil. Çünki elə məhsullar bazara çıxmamışdan öncə müəyyən edilir, dərhal satışdan çıxarılır, yenidən emal olunur və yaxud da məhv edilir” - deyə o qeyd edib.

Daha sonra jurnalistlər kabel zavodunun laboratoriyaları ilə tanış olublar. Jurnalistlərə bildirilib ki, kabel zavodunun tərkibində 9 laboratoriya fəaliyyət göstərir. Qeyd edilib ki, belə laboratoriyalar Azərbaycanda və yaxın MDB ölkələrində demək olar ki, təkcə STP-dədir.

“STP-də qüllə yerləşir. Qüllənin hündürlüyü 125 metrdir. Bu tip istehsal sahəsi dünyada 6 ölkədə mövcuddur ki, onlardan biri də STP-dədir. Avadanlıq yüksək gərginlikli kabellərin sınaqlarında istifadə olunur. Elektrik gərginliyi verilir. Məsələn 220 kv kabelə 318 min voltlu gərinlik verilir və 30 dəqiqə ərzində test edilir. İstehsal edilən hər bir məhsul laboratoriyada sınaqdan keçirilir. Şirkətin özəlliyi ondan ibarətdir ki, bu tip sınaqları hər şirkət həyata keçirmir. STP-də isə mərhələli şəkildə bütün sınaqlar həyata keçirilir və yoxlamalar aparılır” - deyə əlavə edilib. Qeyd edilib ki, digər laboratoriyalarda da kabel məhsullarının sınaqları aparılır. Burada yanmaya davamlılıq, müqavimət və s. xüsusiyyətlər yoxlanılır.

Kabel zavodu STP ərazisində fəaliyyət göstərməsinə baxmayaraq, müstəqil şirkət olaraq fəaliyyət göstərir. Çünki laboratoriya təkcə STP-yə deyil, digər şirkətlərə də xidmət göstərir. Gələcəkdə dövlət qurumları ilə rəsmi əməkdaşlıq etmək üçün işlər aparılır.

Jurnalistlər, alçaq gərginlikli kabellərin istehsalı sexinin də fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, sexdə istifadə olunan avadanlıqlar Avropanın ən son texnologiyasında avadanlıqlardır. İstehsal gücünə görə, hələ ki, bu tip avadanlıqlardan sonra avadanlıq istehsal edilməyib. Avadanlıq 2009-cu ildən fəaliyyət göstərir. Hər bir avadanlığa ayda bir dəfə və yaxud 3 ayda bir elektrik təmir işləri və yaxud mexaniki təmir işləri həyata keçirilir.

Sonra jurnalistlər elektrik avadanlıqların istehsalı, o cümlədən generator sahəsi ilə tanış olublar. Onlara kabellərin istehsalı və istifadəsi haqqında məlumat verilib.

“Biz Azərbaycanda böyük müəssisələrlə SOCAR, BP, AZFEN və s. müəssisələrin kabel təminatını həyata keçiririk. Hazırda Heydər Əliyev adına neft emalı zavodunun modelizasiyasında istifadə olunan kabellərin istehsaçısı bizim şirkətdir” - deyə Yusif Əhmədov əlavə edib.

Elektrik avadanlıqları zavodunun direktoru Qadir Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, elektrik avadanlıqları zavodu hər zaman innovasiyalara açıq istehsal sahəsi olub. Hazırda zavodda Azərbaycanda istehsalı olmayan Made in Azerbaijan brendi ilə elektrik dizel generatorlarının istehsalına başlanılıb.

“İllik statistik məlumatlara görə, Azərbaycana təqribən 50 milyon dollar dəyərində generator idxal olunur. Daxili və xarici bazarın generator tələbatının müəyyən hissəsini ödəməklə bağlı biz qərara gəldik ki, elektrik avadanlıqları zavodunun texniki imkanlarından və kadr potensialından istifadə edərək, dizel generatorlarının istehsalına başlayaq. Layihə uğurla başa çatdırıldı. Hazırda dizel generatorlarının prototip nümunələri hazırdır” - deyə Qadir Əliyev bildirib. Onun sözlərinə görə, ilin sonuna qədər Orta Asiya və Afrika ölkələrinə dizel genaratorlarının ixrac edilməsi planlaşdırılır. Artıq həmin ölkələrin nümayəndələri STP-yə dəvət edilib. Onlar məhsullarla tanış olacaq və ilkin razılaşmaya görə, ilin sonuna qədər 100 ədəd generatorun ixracı planlaşdırılır.

Zavod gün ərzində 15 ədəd dizel generatoru istehsal etmək gücünə malikdir. Aylıq 300-350, il isə 4000-ə yaxın generator istehsal etmək mümkündür.

Qadir Əliyev həmçinin vurğulayıb ki, bir çox ödəniş cihazlarının istehsal da bu zavodda həyata keçirilir. Növbə terminalları, daxildə və ya çöldə quraşdırllan ödəniş terminalları və s. istehsal edilir. Zavod il ərzində 3500-4000 ədəd belə terminal istehsal edir. Zavodun terminal istehsalı sahəsində 10 ilə yaxın təcrübəsi var və terminal istehsalında daxili bazarın bütün tələbatını ödəmək gücündədir. Bu günə qədər hələ xaricə terminal ixarcı olmasa da, hazırda Orta Asiya ölkələri ilə danışıqlar aparılır. Böyük ehtimalla ilin sonuna qədər Orta Asiyaya terminallar ixrac ediləcək.

Jurnalistlər yeni istehsal edilən ödəniş terminalları, digər hazır məhsullarla tanış olublar. Media turun sonunda STP-nin Kommunikasiya üzrə meneceri Nübar Cəfərova STP-nin tanıtım təqdimatı üzrə jurnalistləri məlumatlandırıb. STP-nin İctimaiyyətlə Əlaqələr üzrə meneceri Rəşad Əliyev də öz çıxışında jurnalistləri qarşıdan gələn Mətbuat Günü münasibəti ilə təbrik edib.

Sumqayıt Texnologiyalar Parkına media-tur təşkil edilib

Bizimyol.info xəbər portalının Sumqayıt Texnologiyalar Parkına təşkil olunan media səfərindən hazırladığı videonu təqdim edirik:

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »