İyulun 10-da Sabirabad rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandıran və iki gün sonra xəstəxanada vəfat edən Qarabağ qazisi Elvin Cəfərovun ailəsi son aylarda onun pensiyasının kəsildiyini bildirir. Anası Ruqiyyə Cəfərova da Bizimyol.info-ya müsahibəsində belə demişdi.
Ananın sözlərinə görə, oğlu əvvəllər 420 manat pensiya alırdı: “Son iki ayda pensiyası kəsilmişdi. İki körpə balası vardı, onları dolandırmaq lazım idi. Dolanışıqda problemlər yarananda gileylənirdi, deyirdi ki, belə yaşayış olar? Qiymət verilməməsindən gileylənirdi. Amma heç vaxt özünə nəsə eləmək barədə deməmişdi...”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Qarabağ qazisinin pensiyasının kəsilməsi barədə iddiaları təkzib edib. O bildirib ki, məsələ Elvin Cəfərovun ailə üzvlərinin dediyi kimi deyil.

“İlk növbədə qazimizə Allahdan rəhmət diləyirik. Bildiririk ki, bundan sonra da onun ailəsinin sosial təminatı diqqətimizdə olacaq. Əslində, məsələ ailə üzvlərinin qeyd etdiyi kimi deyil. İyun ayı da daxil olmaqla qazimizin ödənişində hər hansı problem olmayıb. Qazimizə 30 iyun 2022-ci il tarixinədək 420 manat məbləğində təqaüd və müavinət ödənilib. Bundan başqa, qazimizin pensiya hüququ olan 3 ailə üzvünə (həyat yoldaşı və iki övladı) də 886 manat 50 qəpik məbləğində ailə başçısını itirməyə görə pensiya təyin ediləcək. Həmçinin ailəyə 720 manat məbləğində dəfn üçün müavinət ödəniləcək”, - Rəşad Mehdili bildirib.
Aytən, Bizimyol.info