Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Pantomima teatrı üçün Azərbaycanda kadr hazırlanmır"
"Pantomima teatrı üçün Azərbaycanda kadr hazırlanmır"

Ötən həftələrdə Dövlət Pantomima Teatrında N.V.Qoqolun eyni adlı əsərinin motivləri əsasında hazırlanmış “Şinel” tamaşasının ictimai baxışı keçirildi. Rejissor Ceyhun Dadaşov tərəfindən səhnələşdirilən tamaşada rəqslərin quruluşu Elnur İsmayılov və Ceyhun Dadaşov tərəfindən həyata keçirilmişdi. Tamaşanı aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Hilal Dəmirov, Nurlan Süleymanov, Zəhra Hüseynova, Nəzrin Zeynalova, Oqtay Kazımov və Aydan Həsənova ifa edirdi.

Tamaşaya baxış keçirilməmişdən əvvəl teatrın bədii rəhbəri Bəxtiyar Xanızadə öz ürək sözlərini tamaşaçılarla bölüşdü. O, qeyd etdi ki, Pantomima Teatrı 28 ildir ki, yaradılıb.

“Bu gün artıq 11-ci truppadır ki, teatrda işləyir. İncəsənət universiteti yeni aktyorlar yetişdirir. Gənclər gəlir, işləyir, dözənlər qalır. Problem ondadır ki, Pantomima teatrı üçün Azərbaycanda kadr hazırlanmır” - deyə xalq artisti bildirdi.

Sonra gənc aktyorların ifasında “Şinel”-ə baxış keçirildi. Rejissor Ceyhun Dadşovun Qoqolun “Şinel”-inə baxışı bir fərqli idi. Rejissor tamaşanın süjet xəttini bir palto üzərində qurur. Əslində nəsnə olaraq palto kimi təqdim edilən fikir məcazidir. Əsas xətt insanların tamahkarlığı, daim daha çoxa can atmasını əks etdirir. Hamının “palto”su var, amma hamı başqasının paltosuna can atır. Əvvəlcə “paltosu” olmayanı barmaqla göstərib gülən kütlə sonradan “palto”su olana gülür.

Sevgi belə “palto” üzərində qurulur. “Palto”su olanın qarşısında qadınlar köləyə çevrilir. “Paltosu”olanlar qadınların qüruru ilə oynayır. Çünki onun “paltosu” olmayanda sevilmirdi, sayılmırdı. Daha sonra hamının “paltosunu” əlindən almağa çalışır. Əzilir, gücünü itirir, o “paltoların” altında…

Pantomim teatrında “Şinel” tamaşası

Bu tamaşada “palto” var-dövlət, ad-san, şan-şöhrət və vəzifə kimi başa düşülə bilər. Rejissor demək istəyir ki, insanlar daim “palto”ya can atır, əldə etməyə çalışır. Və hər kəsin arzularında bir “palto” var. Arzusu ilə yaşadığı, can atdığı, əlinin çatmadığı… Və bu hirs, o “palto”-ya çatmaq arzusu insanın məhv edir.

“Palto” arzusu ilə nə sevgilər sevgi kimi yaşanır, nə də dostluqların güclü təməli olur. Və bir gün hamı yox olur, məhz olur. Kimi vəzifəsini itiriir, kimi malını-pulunu, kimi sevdiyini. “Palto” sevdasından ayılanda isə, artıq gec olur...

Qeyd etdiyim kimi rejissor bu gün cəmiyyətdə gördüklərini, insanlığın eybəcərliklərini Qoqolun “Şinel”i altında cəmiyyətə çatdırmağa çalışıb.

Aktyor Əli Əlizadənin ifası isə, daha çox diqqət çəkir. Sevgi arzusunda olan “paltosu” olmayan gəncin iztirabları, göz yaşları, həyat mübarizəsi, sonradan necə qəddarlaşması və s. detalları aktyor böyük ustalıqla tamaşçıya çatdırır.

Tamaşada əcnəbi musiqilərdən istifadə edilib. Hətta bu bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmadı. Amma fikrimcə, Avropaya inteqrasiya və gənclərin bu dünyaya baxışı müstəvisindən musiqilər ideal olaraq seçilmişdi. Gənc həvəskar aktyorların ifası tamaşaçının diqqətini toplaya bilirdi. Tamaşada, musiqiyə uyğun rənglərin, hərəkətlərin seçilməsi ideal idi. Düşünürəm ki, gənc aktyorların ilk ifası təqdirəlayiq idi. Və Ceyhun Dadaşovun baxışından “Şinel”-ə baxmağa dəyər. Tamaşanın xüsusən gənclər üçün maraqlı olacağını düşünürəm.

Pantomima elə bir teatrdır ki, ona bütün diqqətlə baxmaq lazımdır. Çünki bir hərəkəti qaçırdınsa, tamaşa mənasını itirə bilər. Bu səbəbdən də “Şinel”i izləyərkən, telefonları söndürüb, diqqəti aktyorlara yönləndirmək lazımdır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »