Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğanın qatılacağı üçtərəfli sammitdə İranın məqsədi bəlli olub
Ərdoğanın qatılacağı üçtərəfli sammitdə İranın məqsədi bəlli olub

Bu gün bütün dünyanın gözü İrandadır. Belə ki, Türkiyə prezidenti Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin də qatılacağı üçtərəfli sammit bu gün İranın paytaxtı Tehranda baş tutacaq.

Bizimyol.info xəbər verir ki, Ərdoğan bu gün İran prezidenti İbrahim Rəisi və ölkənin ali dini lideri Əli Xameneyi ilə görüşəcək. Ərdoğan İranda Rusiya prezidenti Vladimir Putinlə də görüşəcək və Üçtərəfli Zirvə Toplantısında iştirak edəcək. Məlumata görə, Ərdoğan Putin və İran lideri ilə birgə mətbuat konfransı keçirəcək.

Xarici media yazır ki, Türkiyənin Suriyada hərbi əməliyyata hazırlaşdığı bir vaxtda keçiriləcək bu tədbir fevralın 24-dən bu yana nadir hallarda ölkədən kənara çıxan Rusiya lideri Vladimir Putinin də iştirak edəcəyi üçün kritik əhəmiyyət kəsb edir.

Bildirilir ki, üçtərəfli sammitə saatlar qalmış İrandan diqqətçəkən bir açıqlama gəlib. Belə ki, İran mətbuatı görüş zamanı Tehran administrasiyasının planını və məqsədini açıqlayıb. İran mətbuatında yer alan xəbərlərdə İranın Suriya ilə bağlı vasitəçilik səyləri üçün Türkiyə və Rusiyadan dəstək istəyəcəyi bildirilib.

İran mətbuatı görüş zamanı Suriyadakı gərginliyin müzakirə olunacağını bildirib. İddialara görə, Suriya xarici işlər nazirinin bir neçə gün sonra İrana gələcəyi ehtimalı da ortaya çıxıb. İran mediasında yer alan xəbərlərdə Türkiyənin Suriyanın şimalında keçirilməsi planlaşdırılan əməliyyatdan narahatlığa da eyham yer alıb.

İran Xarici İşlər Nazirliyinin bəyanatında “Türkiyə Suriya sərhəddində hərbi əməliyyat keçirmə ehtimalından danışır və biz bu böhranı və Türkiyənin təhlükəsizlik problemlərini diplomatiya yolu ilə həll etməyə çalışırıq”,- sözləri yer alıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »