Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhidin övladlarına görə məhkəmə çəkişməsi
Şəhidin övladlarına görə məhkəmə çəkişməsi

44 günlük Vətən müharibəsində şəhid olmuş Ruslan Sadıqovun üç övladına görə xeyli vaxtdır ki, məhkəmə çəkişməsi gedir. Məhkəmədə qarşı-qarşıya gələnlər isə şəhidin valideynləri və həyat yoldaşıdır.

Bizimyol.info xəbər verir ki, Ruslan Sadıqovun valideynləri nəvələrini - şəhid övladının iki qızı və bir oğlunu görmək, onlarla ünsiyyətdə ola bilmək üçün məhkəmədə iddia qaldırıb.

Əmiraslan Sadıqov və Qaragöz Abdullayeva iddia ərizəsində göstərib ki, övladlarının yas mərasimi başa çatandan sonra gəlinləri Fidan heç bir ciddi münaqişə olmadığı halda, uşaqları da götürüb Zaqatalaya gedib. O vaxtdan nəvələri Nuray, Aylin və Ehsanla ünsiyyətdə ola bilmirlər. Bu üzdən yaşadıqları yer üzrə Şəki şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına ərizə yazıblar. Komissiyanın qərarı əsasında nənə və babanın nəvələrilə görüş və ünsiyyət qaydası müəyyənləşdirilib.

Şəhidin valideynlərinin sözlərinə görə, komissiyanın qərarına baxmayaraq, gəlin onlara uşaqlarla ünsiyyətdə olmağa imkan verməyib. Bu səbəbdən məhkəməyə üz tutmaq məcburiyyətində qalıblar.

Uşaqlardan Aylin və Nurayın 10 və 8 yaşları var. Ehsana gəlincə, atası şəhid olanda onun heç 1 yaşı tamam olmamışdı. O, 2020-ci ilin martında dünyaya gəlib.

Bu mübahisəyə öncə Zaqatala rayon Məhkəməsində baxılıb. Orada dindirilən gəlin etiraf edib ki, uşaqlarının nənə-babalarıyla görüşmələrinə razı deyil. Lakin Zaqatala rayon Məhkəməsi onun narazılığına baxmayaraq, şəhidin valideynlərinin iddiasını təmin edib – Fidan Sadıqovanın üzərinə komissiyanın qərarına əməl etmək, uşaqlara nənə-babalarıyla görüş imkanı yaratmaq öhdəliyi qoyulub.

O, qərardan apellyasiya şikayəti verib. Şikayətində iddia edib ki, qayınana və qayınatasının əsas məqsədi uşaqlarla görüşə yox, şəhidə görə ayrılan yardımların ondan alınıb onlara verilməsinə nail olmaqdır. Amma məhkəmə bu arqumenti qəbul etməyib. Çünki bununla bağlı ortaya sübut qoyulmayıb. Gəlinin apellyasiya şikayəti də təmin olunmayıb.

“Baba və nənədə uşağın tərbiyəsinə, sağlamlığına, psixi, fiziki və mənəvi inkişafına zərər yetirə biləcək hər hansı mənfi cəhət yoxdur. Odur ki, onların uşaqla ünsiyyət hüququ müdafiə olunmalıdır”, - Şəki Apellyasiya Məhkəməsinin qərarında yazılıb.

Gəlin bundan sonra Ali Məhkəməyə şikayət verib. Lakin bu şikayət də nəticəsiz qalıb – aşağı instansiya məhkəmələrinin qərarı qüvvədə saxlanılıb.

Məhkəmələr vurğulayıb ki, nənə-babanın uşaqlarla ünsiyyət formasıyla bağlı komissiyanın müəyyənləşdirdiyi qayda var. Komissiyanın qərarından şikayət verilməyib, o qərar qüvvədədir. Belə olan halda, gəlin həmin qərara əməl edib, nəvələrinin nənə-babasıyla ünsiyyətinə imkan yaratmalıdır.

Qəyyumluq Komissiyasının qərarına əsasən, uşaqlar doğum günlərində, bayram günlərində, atalarının doğum və anım günlərində saat 11:00-dan 15:00-a qədər nənə-babalarıyla görüşə bilərlər.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu olmuş baş çavuş Ruslan Sadıqov 1987-ci il dekabrın 31-də Şəki rayonunun Təpəcənnət kəndində anadan olub. O, 2020-ci il noyabrın 8-də şəhid olub, noyabrın 10-da Şəki rayonunun Cəfərabad kənd qəbiristanlığında dəfn edilib. Ruslan Sadıqov ailənin yeganə oğul övladı idi. Ondan başqa bir bacısı var.

Ruslan Sadıqov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »