Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təhsil İdarəsi məktəbi bağlayır, ancaq məktəbin xəbəri yox...
Təhsil İdarəsi məktəbi bağlayır, ancaq məktəbin xəbəri yox...

Ötən gün Təhsil Nazirliyinin nəzdində yerləşən Bakı Təhsil İdarəsinə fiziki məhdudiyyətli uşaqların aidiyyəti məktəblərdə təhsil alma problemi ilə bağlı sorğu göndərmişdik. Sorğumuza idarə tərəfindən baş-ayaq cavab verilsə də, bir suala qəliz cümlələrlə də olsa, cavab verməyi bacarmışdılar.

Həmin sorğu redaksiyamız tərəfindən vətəndaş müraciəti əsasında formalaşmışdı və aidiyyəti quruma – Bakı Təhsil İdarəsinə tərəfimizdən yönləndirilmişdi. Bu gün həmin məktəblərdən biri ilə bağlı daha bir maraqlı fakt ortaya çıxıb. Səndemə, 1939-u ildə əsası qoyulan və fiziki məhdudiyyətli şagirdlərə on illərdir təhsil verən 219 nömrəli evdə təhsil tam orta məktəbi barədə Bakı şəhəri Təhsil İdarəsi tərəfindən həmin məktəbin müəllim heyətinin xəbəri olmadan monitorinq keçirilib və bir sıra qərarlar qəbul edilib. Adıçəkilən məktəbdə müəllimlərin 219 nömrəli bu məktəbin fəaliyyətinin məhdudlaşdırılması barədə həmin monitorinqdən xəbərsiz olduqlarını dünən redaksiyamıza etdikləri müraciət əsasında öyrənə bildik. Belə ki, məktəbdə fəaliyyət göstərən bir qrup müəllim redaksiyamıza yazaraq bildiriblər ki, Bakı şəhəri Təhsil İdarəsinin keçirdiyi həmin monitorinqdən və o monitorinqin nəticələrindən irəli gələn qərarlardan xəbərsizdirlər: "Bakı Təhsil İdarəsinin sorğunuza verdiyi cavabda qeyd olunanlar və həmin monitorinq barədə məktəbimiz məlumatlandırılmayıb" -deyə, 219 nömrəli məktəbdən redaksiyamıza bildirilib.  Məktəbdə işləyən başqa bir təhsil işçisi isə yazıb: "Mən 219 nömrəli məktəbin müəlliməsiyəm və mənim işlədiyim müəssisənin bağlanması haqqında məlumat məndən öncə sizə necə çatıb? ...nə bizim məktəb rəhbərliyi, nə də Baş İdarədə heç bir rəsmi məlumat yoxdur".

Məktəb çalışanları monitorinqin nə zaman keçirildiyi barədə israrla bizdən cavab tələb etsələr də, təəssüf ki, onların bu sualını cavablandıra bilmədik. Ona görə ki, Bakı şəhəri Təhsil İdarəsi sorğumuza verdiyi cavabda qeyd etdiyi monitorinq fəaliyyətinin hansı tarixdə keçirildiyi barədə heç bir qeyd etməyib və təəccüblü məqam da orasındadır ki, məktəb barədə yuxarı instansiya hesab olunan bu İdarə tərəfindən qərar qəbul edilir, lakin həmin məktəbin müəllim heyəti bunu ancaq mətbuat vasitəsilə, özü də Təhsil Nazirliyinin yox, müstəqil mətbuat orqanı vasitəsilə öyrənir. Hər bir halda Təhsil Nazirliyi və həmçinin Bakı Təhsil İdarəsi üçün bu, olduqca acınacaqlı bir haldır. Ötən gün həmin idarə tərəfindən sorğumuza göndərilən cavabı bir daha oxucularımızın diqqətinə çatdırırıq və bildiririk ki, quruma göndərilən sorğuya verilən cavab tam olaraq oxucuların nəzərinə çatdırılır və idarənin 219 nömrəli məktəbin təhsil işçilərini bu barədə məlumatlandırmamasından redaksiyamız məsuliyyət daşımır. Hər bir halda, həm Təhsil Nazirliyinin, həm də Təhsil İdarəsinin mətbuat şöbəsi var və bu şöbələr öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməli idilər. Belə görünür ki, nə Təhsil Nazirliyinin Təhsil İdarəsindən, nə də bu idarənin öz nəzdində olan məktəblərindən xəbəri var...

Sorğumuza verilən cavabı yenidən oxucularımızla bölüşürük:

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, 219 nömrəli evdə təhsil tam orta məktəbin təlim-tərbiyə prosesinin təşkilinin, tədris, pedaqoji və metodiki sənədlərlə işin, əmək və təhsil qanunvericiliyi tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin real vəziyyətinin öyrənilməsi, məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib. Monitorinq zamanı 219 nömrəli evdə təhsil tam orta məktəbin fəaliyyətində tədris-pedaqoji sənədlərin mövcud qanunvericiliyin tələblərinə və evdə təhsilin təşkilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 10 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş ”Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili Qaydaları”na uyğun aparılmadığı müəyyən olunub. Bunları nəzərə alaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun təhsilalanların hüquq və vəzifələrinin həyata keçirilməsi baxımından evdə təhsilə cəlb olunacaq yeni şagirdləri 219 nömrəli evdə təhsil tam orta məktəbinə yönləndirməməsi, 219 nömrəli evdə təhsil tam orta məktəbində təhsil alan şagirdlərin müvafiq məktəblərdə evdə təhsillərinin davam etdirmələri məsələsinə PTPK tərəfindən baxılaraq qərar verilməsi və 219 nömrəli evdə təhsil tam orta məktəbinin pedaqoji heyətinin digər məktəblərdə işlə təmin edilməsi ilə bağlı müvafiq işlərin görülməsinə başlanılıb”.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »