Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropaya bəla üstündən bəla gəlir: Yaxın günlərdə böhran gözlənilir
Avropaya bəla üstündən bəla gəlir: Yaxın günlərdə böhran gözlənilir

Avropada enerji tələbatının artmasına baxmayaraq, bu həftə sonu qaz böhranının baş verəcəyi gözlənilir. Avropa ölkələri qazın saxlanması yarışına girərkən, bütün gözlər “Şimal axını 1” boru kəmərini açıb-açmayacağı qeyri-müəyyən olan Rusiyadadır.

Bizimyol.info xəbər verir ki, Avropaya təsir edən tarixi isti dalğası hökumətləri fövqəladə tədbirlər görməyə məcbur etsə də, həm də yeni böhrana qapı açır. 40 dərəcəni keçən temperaturda soyumağa çalışan Avropada enerji tələbatının artması ilə bu həftənin sonunda böyük bir qaz böhranının yaşanacağı gözlənilir.

Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra dəfələrlə Moskvaya sanksiya tətbiq edən Avropa enerji qiymətlərinin yüksəlməsi fonunda həll yolu axtararkən qaz təchizatında yeni çıxılmaz vəziyyətə düşüb.

Qeyd edək ki, Rusiya qazını Avropaya birləşdirən “Şimal axını 1” boru kəmərinin 10 günlük müntəzəm texniki xidmətdən sonra yaxın günlərdə yenidən açılacağı gözlənilir. Lakin geniş yayılmış narahatlıq ondan ibarətdir ki, Rusiya onlara qarşı tətbiq edilən sanksiyalara cavab olaraq kranları bağlayacaq. Almaniyanın İqtisadiyyat naziri Robert Habeck mövzu ilə bağlı açıqlamasında ölkəsinin ən pis hala hazır olması lazım olduğunu ifadə edərək, "hər şey ola bilər. Qaz yenidən açıla da bilər, heç gəlməyə də bilər " deyib.

Xatırladaq ki, Almaniya son həftələrdə qaz böhranı ilə üzləşdiyini etiraf edərək, təbii qaz tədarükü ilə bağlı üç mərhələli fövqəladə vəziyyət planının ikinci mərhələsini işə salıb. Ölkənin fövqəladə hallar planına əsasən, sənaye tədarükün azaldılması üzrə birinci yerdə olacaq. Lakin biznes liderləri və həmkarlar ittifaqları bu addımın iqtisadiyyata ziyan vura biləcəyini deyirlər.

Onu da əlavə edək ki, Avropanın payızda vuracağını gözlədiyi qaz böhranı istilər səbəbindən gözləniləndən xeyli tez başlayır. Artan temperatur kondisionerləri gücləndirmək üçün elektrik enerjisinə tələbatı artırıb. İspaniyanın qaz operatoru Enagas keçən həftə elektrik enerjisi istehsal etmək üçün təbii qaza tələbatın yeni rekorda çatdığını söyləyib.

Bəzi analitiklər istilik dalğasının yaxın həftələrdə Avropanı tərk edəcəyini bildirərək daha optimist olmağa çalışırlar lakin Rusiya qazı tamamilə kəsməyə qərar verərsə, Avropa böyük bir kabusun içində ola bilər.

Leyla, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »