Belarus Prezidenti Aleksandr Lukaşenkonun taleyi Kremlin rəhbəri Vladimir Putinə bağlıdır. Rusiyanın dövlət başçısı bir gün mövqeyini itirsə, “Batka” da taxtdan düşəcək. Onu nə Qərb, nə də 2020-ci il hadisələri zamanı zərər görmüş böyük vətəndaşlar ordusu bağışlayar.
Bizimyol.info xəbər verir ki, Lukaşenko yaxşı günlərini yaşamır. Onun səhhətində ciddi problemlər olduğu bildirilir. Ölkə rəhbəri axırıncı dəfə ictimaiyyət qarşısında gümrah gözə dəyməyib.
“Batka”nın Vitebskdəki tədbirdə axsadığı hiss olunurmuş. “Slavyan bazarı”nın açılışında iştirak edən Lukaşenko çox narahat görünüb. Vitebskdən yayılan videoda hətta onun yaxınlığındakı rəsmi şəxslərdən birinin jurnalistlərdən suallarını sonraya saxlamalarını xahiş etməsi nəzərə çarpır. Amma dövlət başçısı bununla razılaşmır, ayağını çəkə-çəkə media nümayəndələrinə, yerli sakinlərə yaxınlaşır.
Lukaşenko uzun müddətdir şəkərli diabetdən əziyyət çəkir. Deyilənə görə, ölkə rəhbəri xəstəliyin ağır formasını yaşayır. “Batka”nın ayaqları çox şişib. Ailə fotolarından birində hətta ayağında yara görmək mümkündür. Sağ ayağının barmaqlarından birinin amputasiya edildiyi deyilir. Amma cəmiyyətdən bunu gizlətməyə çalışırlar. Lukaşenko hələ 2010-cu ildə Avropada prostat vəzi əməliyyatı keçirmişdi.
Rusiyalı politoloq Valeri Solovey öz mənbələrinə istinadən iddia edir ki, bir dəfə həkimlər dövlət başçısını insultdan sonra xilas edə biliblər. 2020-ci ilin yayında Lukaşenko çıxışlarından biri zamanı səsinə görə üzr istəmişdi. “Batka” onda koronavirusa yoluxduğunu, amma xəstəliyi ayaq üstə keçirdiyini iddia etmişdi. Həmin ərəfədə Lukaşenkonun qolunda kateter nəzərə çarpmışdı. Hətta biləyində sarğını da sezmək olurdu.
Bir sözlə, Lukaşenkonun xəstəliyi çoxdur. Yanvardan səsi xeyli batıb. Bəzi mənbələr ikinci dəfə koronavirusa yoluxmadan sonra belə vəziyyət yarandığını bildirir. Hər nədirsə, Lukaşenkonun səhhətində ciddi problemlər var. Prezident çox az danışır, açıq-aşkar yeriməkdə çətinlik çəkir. Sanki bütün mənalarda Belarus üçün Lukaşenko erasının sonu yaxınlaşır.
Aytən, Bizimyol.info