Yaxın iki il ərzində Böyük Britaniya avtomatlaşdırılmış dronlar üçün dünyanın ən böyük hava yolunu yaradacaq.
Bizimyol.info xəbər verir ki, bu barəəd BBC məlumat yayıb. Məlumata görə, 263 km-lik "Skyway Ridinq" Oksford, Milton Keyns, Kembric, Koventri və Reqbi üzərindən hava məkanını birləşdirəcək. Hava yolunun tikintisi 2024-cü ilin ortalarına planlaşdırılır. Layihənin dəyəri 12 milyon dollardan çox olacaq.
Texnologiya dronların real vaxtda havada olduğu yerləri izləmək üçün magistral yollar boyunca yerüstü sensorlardan istifadə edir. Bu məlumatlar daha sonra hərəkətin idarə edilməsi sistemi - pilotsuz uçuş aparatları üçün bir növ hava hərəkətinə nəzarət sistemi tərəfindən təhlil edilir. Bu da onları marşrut boyunca istiqamətləndirir və toqquşmaların qarşısını alır.
Qeyd edək ki, bu, dronlara Scilly arxipelaqına və xüsusən də bütün Şotlandiyaya poçt və dərman çatdırmağa imkan verəcək. Bu isə, bəzi xərçəng xəstələrinin öz doğma ərazilərində müalicə olunmasını asanlaşdıracaq.
Yeri gəlmişkən, qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, Rəqəmsal Transformasiya Nazirliyi və “United24” vəsait toplama platforması Ukrayna Silahlı Qüvvələri üçün 200 kəşfiyyat aparatının alınmasını nəzərdə tutan “Drones Army” layihəsinə start verib. Dronlar Ordusunun işə salınmasından bir həftə sonra ukraynalılar layihə üçün 400 milyon qrivni toplayıblar.
Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fedorov bir müddət əvvəl Dronarium məktəbində pilotsuz təyyarələr ordusunun operatorlarının təlimlərinə başlandığını elan edib. Nazirin sözlərinə görə, təlimlərdə hərbçilər cəbhədə yerinə yetiriləcək real uçuş tapşırıqları, kamuflyaj bacarıqları, taktikanın işlənib hazırlanması, pilotsuz uçuş aparatlarının idarə edilməsi və digər tapşırıqları məşq edir.
İlahin, Bizimyol.info