Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su münaqişələri başlayırmı: İraq su qıtlığına görə Türkiyəni ittiham edir
Su münaqişələri başlayırmı: İraq su qıtlığına görə Türkiyəni ittiham edir

İraqla Türkiyə arasında su böhranı böyüyür.

Bizimyol.info xəbər verir ki, Bağdad rəhbərliyi Ankaradan Fərat və Dəclə çaylarından İraqa axan suyun miqdarının artırılmasını tələb edib. Bağdad illərdir Türkiyə və digər qonşu ölkələrdəki çaylar üzərində tikilən bəndlərin ölkəyə axan çayları quruda biləcəyindən şikayətlənir.

Son olaraq bildirilib ki, İraqın naziri Mehdi əl-Həmdani həftə sonu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq üzrə xüsusi nümayəndəsi Veysəl Əroğlu ilə videokonfrans vasitəsilə görüşündə İraqa axan suyun miqdarını artırmağı istəyib.

İraq hökumətindən verilən açıqlamada nazirin İraqda yay aylarında artan su qıtlığına diqqət çəkdiyi qeyd edilib. Açıqlamaya görə, Əroğlu bu tələbi Ankaraya çatdıracağını və Türkiyənin su ehtiyatları nəzərə alınaraq tələbin qiymətləndiriləcəyini bildirib. Tərəflər həmçinin İraqdan bir nümayəndə heyətinin Türkiyəyə səfər edərək bəndlərdə yoxlama aparması barədə razılığa gəliblər.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, İraq dünyada su qıtlığının ən böyük təhlükəsi ilə üzləşən beşinci ölkədir. Son illər ölkədə yağıntıların azalması və rekord hava temperaturu səbəbindən su ehtiyatları tədricən azalır. Rəsmi məlumatlara görə, son 100 ildə Fərat və Dəclə çaylarından ölkəyə axan suyun miqdarı üçdə bir qədər azalıb. Keçən həftə İraq hökumət rəsmisi deyib: “Bizim su ehtiyatlarımız keçən illə müqayisədə 60 faiz azalıb".

Qeyd edək ki, məsələ son vaxtlar Ankara-Bağdad xəttində də gərginlik yaradır. Türkiyənin Bağdaddakı səfiri Əli Rıza Güney ötən həftə Tvitter hesabında iraqlıların su ehtiyatlarını “boşa xərclədiyini” bildirib. İraqın Su naziri Həmdani isə Türkiyəni sərt şəkildə tənqid edərək, “onlar İraqın su kvotasını azaltmağa haqları olduğunu düşünürlər” deyib.

Xatırladaq ki, İran daha əvvəl ölkənin bəzi bölgələrində həyatı iflic edən qum fırtınalarında Türkiyəni günahlandırmışdı. İranın Baş prokuroru Məhəmməd Cafer Müntəzeri ölkənin qərb və cənub bölgələrində qum və toz fırtınalarının yayılmasına Türkiyənin sərhəddəki Aras çayı üzərində qurduğu bənd və divarların səbəb olduğunu iddia edib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »