Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Atam bütün insanlara qarşı eyni rəftar edirdi"
"Atam bütün insanlara qarşı eyni rəftar edirdi"

Uzun illər Akademik Milli dram teatrında fəaliyyətə göstərən aktyor, aparıcı Telman Adıgözəlov 1953 cü il 17 iyul da Balakən rayonunda anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirir. O bir-birindən maraqlı, müxtəlif xarakterli obrazlar oynayırdı.

Məmmədquluzadənin “Dəli yığıncağı" əsərinin eyniadlı tamaşasında Zəncirvuran obrazından tutmuş , İ.Əfəndiyevin "Xurşidbanu Natəvan"ında Daşdəmir, "Mahnı dağlarda qaldı"da Rəhman, Şekspirin “Maqbet”ində Flins, M. İbrahimovun "Közərən ocaqlar"ında Xanəhməd, H.Cavidin "İblis" pyesində şeypurçu, S.Vurğunun "Vaqif" əsərində təlxək, S.Rəhmanın "Nişanlı qız"ında çeşməkli kişi, E. Baxışın "Qədr gecəsi"ində oyunbaz, Elçinin "Ah Paris…Paris!.."ində Əhməd, "Mənim sevimli dəlim" də professor, R.Novruzun "Hələ "sevirəm" deməmişdilər"ində qumarbaz obrazlarına qədər.

O, 2000 ci ildə Azərbaycan respublikasının əməkdar artisti, 2006- cı ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülür.

Aktyor Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov Bizimyol.info saytına atası ilə bağlı bir çox xatirələri danışıb.

Atam ailəsinə həddindən artıq bağlı insan idi. Bizim tərbiyəmizlə də çox ciddi məşğul olardı. Bəzən olur bir insan aktyor kimi çox yaxşı olsa da, ailəsində müəyyən çatışmazlıqlar yaranır. Bu da təbii ki, həmin insanın zəifliyindən, ailəsinə qarşı göstərdiyi diqqətsizlikdən irəli gəlir. Amma mənim atam həmişə bizə qarşı çox diqqətli, ailəcanlı insan olub. Onda xoşlamadığım yeganə xüsusiyyət bu idi: başqalarına həddindən artıq vaxt ayırır, can yandırırdı, nəinki özünə. Misal üçün evdə qaldığı günlərdə dincəlib istirahət etmək əvəzinə kiminsə işinə kömək etmək üçün evdən çıxırdı, bütün gününü həmin adama sərf edirdi.

Atam səmimi, dürüst, insanlara həmişə kömək etməyi sevən bir insan idi. Mən də onda olan bu xüsusiyyətləri təkrarlamağa çalışıram.

Atamın vəfatı ailəmiz üçün mənəvi cəhətdən çox çətinlik yaratdı. Onun yeri ailədə həmişə görünür, lakin allahın yazdığı qədərdir. Bizə qalan yaddaşımızdakı gözəl xatirələrdir.

Rollarını evdə məşq edirdimi?

Evdə rollarını sadəcə vərəqdən əzbərləyərdi. Atamın bütün obrazları, ən kiçik obrazlarıda belə yadda qalan olub.

Atanız daha çox kimlərlə dostluq edirdi? Təkcə sənət adamları yoxsa necə?

Dostları daha çox incəsənətə aid olmayan adamlar idi. Təbii ki incəsənət nümayəndələridə var idi dostarı arasında lakin çox deyildi.

O bütün insanlara qarşı eyni rəftar edirdi.

İstər satıcı olsun, istər xadimə, hamı ilə eyni idi. Heç vaxt həmin adamlara qarşı məsafə saxlamaz, hansısa fərq qoymazdı.

Əslində Telman Adıgözəlov sadə bir aktyor olub. Amma başqalarının qəbuluna düşə bilmədiyi vəzifəli, hörmətli adamlar atama qarşı həmişə çox alicənab davranıb, sözünü yerə salmayıblar. Məncə, bu sırf aktyorluqla bağlı məsələ deyildi. Sadəcə o, özünə hörmət etməyi bacardığı üçün başqaları da ona hörmət edirdilər.

Onunla münasibətimiz çox yaxşı idi. O, da bizə qarşı həmişə səmimi olub. Mənimlə həm dost, həm də ata olmağı bacarıb. Bircə dəfə yüngülvari problem olub. Mən hərbi xidmətdə olanda atam yanıma gəlmişdi. Korset və yun corab gətirmişdi. Onda mən corabı da, korseti də geri qaytardım. O, da çox normal qəbul elədi. Amma atam gedəndən sonra nəsə pis oldum. Hər halda gətirdiklərini istifadə etməsəm də götürüb şəxsi siyirməmdə saxlaya bilərdim...

Atanızın ölümünü necə xatırlayırsınız?

Elə sonuncu gün yadımda qalıb. Adi günlərdən biri idi. Hamımız evdəydik. Heç bir narahatlığı da yox idi. Gecə saat hardasa üç olardı, anamın səsinə oyandım. Gəldim gördüm ki, atam xırıldayır, rəngi də göyərib. Əvvəl heç birimiz heç nə başa düşmədik. Elə bildik boğazında nəsə qalıb. Həm də hər şey ani olduğundan olanlara inana bilmirdik. O artıq can verirdi.

Hamımız çox istəyirdik mənim, bacımın xeyir işlərimizdə yanımızda olsun, sıxıntılı günlərimizdə məsləhət versin. İnsan həyatının bütün çağlarında atasına ehtiyac duyur, onun yoxluğunu hiss edir.

Telman Adıgözəlov 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edir. Aktyorun qəbri Fatmayıdakı kənd qəbiristanlığında yerləşir.

Havar

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »