Çinin xarici işlər naziri Vanq Yi ölkəsinin həmişə sülh və danışıqların təşviqində qəti və israrlı olduğunu bildirib.
Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Nazirin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi təkcə Avropaya deyil, bütün dünyaya ciddi təsir edib.
Vang Yi G20 xarici işlər nazirlərinin son görüşünü xatırladaraq qeyd edib ki, bütün tərəflər narahat olub. O qeyd edib ki, Çin münaqişənin tərəfi deyil.
“Biz nəinki yanan oda yanacaq tökməkdən uzaq durmuşuq, həm də boş oturmamışıq və hər zaman sülhün və danışıqların təşviqində qətiyyətli və israrlı olmuşuq”,- deyə o vurğulayıb.
Vanq Yi həmçinin bildirib ki, uzunmüddətli perspektivdə bütün tərəflər davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasının yaradılmasını müzakirə etməlidirlər.
Qeyd edək ki, G20 klubuna üzv ölkələrin xarici işlər nazirlərinin İndoneziyanın Bali adasında keçirilən iclasında Entoni Blinken rəsmi Moskvanı Ukrayna taxılının Ukraynanın Qara dəniz sahilindəki limanlardan ixracının qarşısını almağa çağırıb.
Amerika mediası yazır ki, dövlət katibi çinli həmkarı ilə Ukraynadakı müharibə ilə bağlı “açıq söhbət” etməyi planlaşdırır.
ABŞ rəsmiləri Çinin Ukrayna ilə bağlı mövqeyinə “ehtiyatlı optimist” fikri ilə yanaşır, onun Rusiyaya ritorik dəstəyini pisləyir.
Amma bütün bunlarla yanaşı, Pekinin Rusiyaya maddi dəstək verdiyinə dair heç bir əlamət görmədiklərini də qeyd edirlər.
İlahin, Bizimyol.info