İranın xarici işlər naziri Hussein Amir Abdollahyan deyib ki, Tehran Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandırmaq və Ukrayna böhranını siyasi yolla həll etmək üçün əlindən gələni etməyə davam edir.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, onun iyulun 15-də ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığından sonra sözləri İran Xarici İşlər Nazirliyi tərəfindən dərc olunub.
"Ukraynanın xarici işlər nazirinə dedim ki, İranın əsas mövqeyi bütün dünyada müharibəyə qarşı çıxmaqdır. Ukraynaya gəlincə, böhranın əvvəlindən bəyan etdiyimiz kimi, biz məsələlərin siyasi yolla həllini istəyirik”,- deyə Abdullahyan bildiirb.
Onun sözlərinə görə, İranın siyasəti də bu prinsipə uyğundur. “Biz münaqişələrin davam etməsinə və genişlənməsinə səbəb olan istənilən hərəkətin əleyhinəyik”,- deyə o əlavə edib.
Xatırladaq ki, nazir ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın İranın Ukraynaya qarşı müharibə üçün yaxın vaxtlarda Rusiyaya pilotsuz təyyarələr təhvil verəcəyi ilə bağlı ittihamlarını “əsassız” adlandırıb.
Abdullahyan əmin edib ki, bu bəyanatlar Co Baydenin Yaxın Şərqə səfəri zamanı ABŞ-ın bəzi təbliğat məqsədlərini güdür.
“Tehran və Kiyev “başqalarının ittihamlarının onların münasibətlərinə xələl gətirməsinə imkan verməməlidir. Tehran xüsusən də iqtisadi və kənd təsərrüfatı sahələrində Kiyevlə əlaqələrin hərtərəfli genişləndirilməsinə hazırdır”,- deyə nazir bildirib.
Abdullahyan deyib ki, Kuleba onu yenidən Ukraynaya səfərə dəvət edib.
Xatırladaq ki, İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran Ukraynaya qarşı müharibə aparmaq üçün Rusiya Federasiyasına hərbi texnika, o cümlədən pilotsuz təyyarələr satmayıb. İran fevralın 24-dən bəri Rusiyaya heç bir pilotsuz təyyarə satmadığını iddia edir.
İlahin, Bizimyol.info