Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Şahzadəyə jurnalistin qətlində günahkar olduğunu dedim" - Bayden
"Şahzadəyə jurnalistin qətlində günahkar olduğunu dedim" - Bayden

ABŞ prezidenti Co Bayden Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb və onu “Washington Post” qəzetinin jurnalisti Camal Kaşıkçının öldürülməsində ittiham edib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Reuters” yazır. Məlumata görə, ittihamlar salamlaşmadan dərhal sonra başlayıb. Bayden Səudiyyə Ərəbistanına 2018-ci ildə Kaşıkçı sui-qəsdindən sonra bu ölkə ilə münasibətləri bərpa etmək üçün gəlib.

"Kaşıkçının öldürülməsi ilə bağlı məsələni görüşün əvvəlində qaldırdım, o zaman bu barədə düşündüyümü və indi nə düşündüyümü açıqladım. Mən birbaşa danışdım. Fikrimi çox açıq şəkildə bildirdim. Çox açıq şəkildə dedim ki, Amerika prezidentinin insan haqları məsələsində susması bizim kim olduğumuza və mənim kim olduğuma uyğun gəlmir”,- deyə Bayden jurnalistlərə açıqlamasında bildirib.

Camal Kaşıkçı Camal Kaşıkçı

Bayden bildirib ki, Məhəmməd bin Salman ona cinayətə görə şəxsən məsuliyyət daşımadığını deyib. Amma amerikalı prezident onu günahkar hesab etdiyini deyib.

Daha sonra Bayden görüş zamanı tərəflərin enerji məsələsini də müzakirə etdiyini və əsas neft istehsalçısı Səudiyyə Ərəbistanının yaxın həftələrdə hərəkətə keçəcəyini gözlədiyini vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın Səudiyyə Ərəbistanında maraqları var. Bura enerji və təhlükəsizlik maraqları daxildir. Bayden və onun köməkçiləri Rusiya və Çinlə əlaqələri gücləndirən Körfəz neft nəhəngini təcrid etməmək qərarına gəlib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Cayk Sallivan deyib ki, Bayden Vaşinqtonun Səudiyyə Ərəbistanı ilə münasibətlərini pozmaq yox, “yenidən gücləndirmək” istəyir.

Qeyd edək ki, Camal Kaşıkçı 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda Ər-Riyad xüsusi təyinatlıları tərəfindən vəhşicəsinə qətlə yetirilib. Məhəmməd bin Salman hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb, lakin jurnalistin ölümünə onun sifariş verdiyini inkar edir.

2019-cu ilin dekabrında Səudiyyə Ərəbistanı məhkəməsi Qaşıkçı cinayəti ilə bağlı 5 nəfəri ölüm cəzasına məhkum edib. Üç nəfər isə cinayəti ört-basdır etməyə cəhd ittihamı ilə ümumilikdə 24 il müddətinə azadlıqdan məhrum edilib.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »