Avropa İttifaqı Belçika, İtaliya və Lüksemburqa ukraynalı qaçqınların təminatı xərclərini kompensasiya etmək və pandemiya ilə mübarizə apara bilmək üçün 433,79 milyon avro verəcək.
Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir.
“Belçika, İtaliya və Lüksemburq REACT-EU (Avropanın Birlik və Ərazilərinin Bərpasına Yardım) çərçivəsində Rusiyanın Ukraynaya təcavüzündən qaçan insanları məşğulluq və səhiyyə sahələrində dəstəkləmək üçün əlavə 433,79 milyon avro alacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edilir ki, Avropa Sosial Fondundan (ESF) 33,4 milyon avro təşkilatın gücləndirilməsi, qaçqınların işlə təmin olunması üçün məsləhət və dəstək məqsədilə Belçikaya göndəriləcək. Məqsəd Ukraynadan olan qaçqınları və pandemiyadan sonra işini itirmiş və ya təhlükəli məşğulluq şəraitində olan həssas iş axtaranları əmək bazarına inteqrasiya etməkdir.
Lüksemburqda “Evsizlər Fondu” ehtiyacı olan insanlara əlavə ərzaq yardımı çatdırmaq üçün 390 min avro alacaq.
İtaliyada ölkənin səhiyyə sisteminə təzyiqi azaltmaq, yeni tibb işçilərinin işə qəbulunu təşviq etmək və həkimlər və digər tibb işçiləri üçün əlavə saatların xərclərini ödəmək üçün İdarəetmə və İnstitusional Bacarıq sosial proqramına 136 milyon avro ayrılacaq.
Bununla yanaşı, 264 milyon avro Covid-19-a qarşı vaksinlərin alınmasına sərf olunacaq.
2021-ci il üçün “REACT-AB” proqramı çərçivəsində Rusiyanın Ukraynaya təcavüzündən qaçan insanları qəbul edən və inteqrasiya edən üzv dövlətlərə kömək etmək üçün artıq 40 milyard avro ayrılıb.
Qeyd edək ki, Almaniya bu il ukraynalı qaçqınlara ödənişlər görə, maliyyə xərclərini ödəmək üçün əlavə 2,4 milyard avro ayırıb.
İlahin, Bizimyol.info