Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gömrük generallarının həbsi: Hərbçilərə göndərilən mal mənimsənilib
Gömrük generallarının həbsi: Hərbçilərə göndərilən mal mənimsənilib

Son bir ayda Dövlət Gömrük Komitəsinin (DGK) generalları və digər vəzifəli şəxslərinin həbsi, onların nədə ittiham olunmasıyla bağlı rəsmi açıqlama verilib. Onların tutulmasıyla bağlı əməliyyat-istintaq tədbirlərini həyata keçirən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu barədə məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, hələ iyunun 10-da DTX-da gömrükçülərlə bağlı cinayət işi başlanıb. Əvvəlcə DGK yanında “Azərterminalkompleks” birliyinin direktoru, general Ehtiram Xəlilov həbs edilib. Onun barəsində iyunun 22-də Səbail rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Ehtiram Xəlilova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

Ehtiram Xəlilov gömrük hərraclarının təşkili və həyata keçirilməsi qaydalarını pozub, dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsi, satışının təşkilində ittiham olunur. İddiaya olunur ki, general Xəlilov bu işləri tabeliyində olan şəxslərlə birlikdə həyata keçirib. Bundan başqa o, xeyli adamdan külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ehtiram Xəlilovdan sonra DGK-nin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisiŞükür Səfərov həbs edilib. Onların haqqında həbs qərarı iyulun 1-də Səbail rayon Məhkəməsində çıxarılıb. Onlar ölkə ərazisinə xüsusi icazə ilə daxil olan iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəddəki gömrük nəzarət postlarından buraxılması üçün sahiblərindən rüşvət almaqda ittiham olunur. Rəşad Babayev və Şükür Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

DGK-nin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi, general Məsum Rəsulov isə iyulun 14-də həbs edilib. Onun haqqında həbs qətimkan tədbiri də Səbail rayon Məhkəməsində seçilib.

İddiaya görə, “Azərterminalkompleks” Birliyi hüquqi xidmət, reklam işləri, təlim-tədris və texniki servis xidmətlərinin göstərilməsi adı altında müxtəlif şirkətlərin hesabına böyük məbləğdə vəsaitlər köçürüb. Həmin şirkətlər arasında “Azerbaijan Legal Consulting İnternational Services” MMC, “Nanoc” MMC, “Veqa-Servis” MMC, “Meqan Group” MMC, “Omega Servis IKO” MMC, “Delta Servis İKO” MMC və digərlərinin adları çəkilir. Lakin həmin şirkətlər tərəfindən heç bir iş görülməyib, xidmət göstərilməyib və köçürülən vəsaitlər şirkətlərin bank hesabından çıxarılaraq, geri qaytarılıb.

Nəticədə milyonlarla büdcə vəsaiti bu yolla mənimsənilib.

48 yaşlı Məsum Rəsulov şirkətlərin hesabına köçürülən, nağdlaşdırılıb geri qaytarılan vəsaitlərin mənimsənilməsində ittiham olunur.

Bundan başqa, DTX-nın məlumatında bildirilir ki, müsadirə edilərək “Azərterminalkompleks” Birliyində saxlanılan siqaretlər Silahlı Qüvvələrin hərbi qulluqçularına paylanılması üçün Müdafiə Nazirliyinin aidiyyəti struktur bölmələrinə göndərilməliydi. Lakin Məsum Rəsulov bunun əvəzinə, prosedur qaydaları pozaraq, siqaretləri şəxsi münasibətdə olduğu əməkdaşa təhvil verib.

Məsum Rəsulova Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham verilib.

Adları çəkilən gömrük generalları və digər vəzifəli şəxslərin özlərini təqsirli bilib-bilmədikləri, ittihamlara münasibəti məlum deyil.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »