Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ucuz maşın və ev elanlarıyla adamların pulları necə ələ keçirilib?
Ucuz maşın və ev elanlarıyla adamların pulları necə ələ keçirilib?

Son vaxtlar daşınmaz əmlak və avtomobil satışıyla bağlı elan saytlarında şirnikləndirici vədlərlə müxtəlif adamların pullarının kart əməliyyatları vasitəsilə ələ keçirilməsi haqda şikayətlər artıb.

Bizimyol.info xəbər verir ki, həmin şikayətlər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində araşdırılıb. Bank kartlarından külli miqdarda pulu ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saxlanılan Aqşin Bədəlovdur.

İddia olunur ki, adıçəkilən şəxs elan saytlarında dəyərindən qat-qat aşağı qiymətə avtomobil və mənzillərin satışı haqda elanlar yerləşdirib. Əslində isə əlində satmaq üçün nə avtomobil, nə də elan olub.

Dəyərindən ucuz qiymətə daşınar və daşınmaz əmlakın satılması haqda elanı görən vətəndaşlar orada göstərildiyi qaydada Aqşin Bədəlovla əlaqə saxlayıb, elanda bəhs olunan avtomobil və ya mənzili almaq istədiklərini bildiriblər.

“Aqşin Bədəlov izi itirmək məqsədilə müxtəlif şəxslərin adına olan bank kartlarını müştərilərə göndərərək, ora təcili pul köçürülməsini istəyib. Yoxsa elandakı evi və ya avtomobili başqa şəxsə satacağını bildirib. Pulu əldə edəndən sonra isə o, kartlardakı vəsaitləri öz hesabına yönləndirib və oradan çıxarıb. Zərərçəkənlərin onu tapmaması üçünsə onların nömrələrini bloklayıb”,- nazirliyin məlumatında bildirilir.

Aqşin Bədəlovun bu müddətdə ona müraciət edən 450 nəfərə ziyan vurduğu iddia olunur.

Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələri və başqa elektron sübutlar tapılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin 178 (dələduzluq) maddəsilə cinayət işi başlanıb. Aqşin Bədəlovun ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Aqşin Bədəlovun özünün və ya yaxınlarının deyilənlərə münasibəti məlum deyil.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »