Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Postmüharibə” yanğını, naşı kəndirbazlar və ya “Mauqli”yə gecikmiş rekviyem
“Postmüharibə” yanğını, naşı kəndirbazlar və ya “Mauqli”yə gecikmiş rekviyem

Ağdamda otuz il qabaq bir könüllü əsgərdən eşitmişdim. Demişdi, insan əzalarının qəbirstanlığı var. Söz vermişdi ki, məni həmin qəribə məzarlığa aparacaq. Ancaq sən saydığını say...

Üstü güllü plyonka örtüklərlə masa ətrafında çay içməyə təzəcə oturmuşduq. Söhbət təzəcə qızışırdı ki, şəhərdə bombardman başlandı. O qardaş bir dəstə başqa könüllü əsgərlə məndən ayrılıb “boya” hazırlaşmağa getdi (hücuma getməyi belə adlandırırdılar). Bu günə qədər də özümə bağışlaya bilmirəm: adını niyə dərhal soruşmadım?! Sonra bir daha görə bilmədim onu?! Ancaq özümə bunu da deyirəm: hardan biləydim ki, həmin vaxt düşmən şəhərə “Qrad” yağdıracaq və bu əsgərlərə də “döyüşə hazır ol” əmri gələcək. Çoxu heç çayından bir qurtum almağa macal tapmamışdı. Sadəcə, birinin adı yadımda qalmışdı: Rəfail. O ad söhbət əsnasında çəkilmişdi. Mən bu qardaşları danışdırmağa başlamışdım, növbəti reportajım üçün. Söhbət başlayan kimi... bitdi.

İndi, görəsən, o qardaş yaşayırmı?. Bəlkə də o əsgərin ömrü mənim səbrimdən az imiş! Yaşayırsa, bu cümlələri oxuyub mənə hay verır. Qismətsə artıq...

O əsgər hələ biz qərargahın qabağında söhbət edəndə demişdi ki, döyüş meydanında qopmuş və ya daha sonra qanqren üzündən xəstəxanada kəsilmiş əllər, qollar, ayaqlar... bədən fraqmentləri o məzarlıqda dəfn olunub. Və ən kədərlisi odur ki, əlini, qolunu, ayağını itirənlər arasında öz bədən əzalarını ziyarət etməyə gələnlər varmış.

Söhbət məni çəkmişdi, çayxanada oturub geniş danışmaq istəmişdim. O da daha bir neçə nəfər döyüş yoldaşından da müsahibə alıb yazmağı məsləhət bilmişdi. Açığını desəm, ora – o məzarlığa getmək, bir reportaj, ya bir oçerk yazmaq istəyilə əsgərə israr etsəm də, bir yanım da bu hekayəyə inanmaqda çətinlik çəkirdi. Belə bir məzarlıq o Ağdamda, hansısa kənddə, ya da hansısa boş çöldə, dağ yamacında... doğrudan-doğruya varmı, yoxmu?! Bunu bilə bilmirəm. Bəlkə də əsgərlər öz aralarında bu hekayəni uydurmuşdular ki, şəhidlərlə yanaşı, qazilərə də cəmiyyətin diqqətini cəlb etsinlər. Daha doğrusu, daha çox cəlb edə bilsinlər. Bu üzdən hətta bu hekayəni uydurmuşdusa da belə, bu cür vicdanla və ürək yanğısı ilə uydurulmuş... gerçəkdən ötrü o əsgərə çox minnətdaram.

Mən əminəm ki, başqa müharibə reportyorları da belə hallarla rastlaşıb: bir əsgərdən müsahibə istəyirsən, deyir: “Məndən yox, filankəsdən yaz, onu çək, yaralanmışdı, sağalıb, yenə gəlib”. Ya da: “Qardaş, biz kimik ki?! Şəhidlərdən, qazilərdən yazın...” deyənlərlə dəfələrlə qarşılaşmışam.

Bəli, qazilərdən – müharibənin canımızda hiss etdiyimiz ağrılarından yazmaq lazımdır və yazrıq da. Ancaq qazinin özünü yandırması xəbəri... Bunu yazmaq da, sonrasında yaşamaq da çətindir axı.

Bədəninin hissələrini, hansısa həyati vacib orqanını, ümumiyyətlə, sağlamlığını itirmiş insanlar yaşayan faciədirlər. Bir var, şəhid olasan, bir var sağ qalasan. Sağ qalan, amma salamat qalmayan keçmiş döyüşçü ölümlə həyat arasında... nazik bir ipin üstündəki naşı kəndirbaz kimidir. Onun yaşadığı hər gün həm də ölümə yaxın olduğu gündür. Əslində elələri var, müharibədən sağ çıxdığına özü də hələ inana bilmir. Həyatdansa ölümə hər zaman bir köynək doğma baxan insanlardır onlar . Bu üzdən qazinin ətrafda baş verənlərə başqa gözlə baxması anlaşılandır. Və bu üzdən biz özümüz də onlara elə onların baxdığı nöqtədən baxmağı bacaracağıq – başqa çarəsi yox!

Baxın, bir keçmiş döyüşçü dövlət idarəsinə gedir, onun sənədinə qol çəkməli olan məmurun qolunda bir bahalı saat var. O saatın qiyməti qazinin tələb etdiyi əlillik pensiyasının bəlkə min qatıdır. Hətta daha çox. Qazi öz sənədinə qol çəkməyən o məmurun qolundakı saata baxır, bir də qayıdıb baxır, görür ki, özünün nəinki belə bir saatı, heç onu taxmağa... qolu yoxdur. Bunu – qolu olmayan insanın o anda nələr hiss etdiyini tam olaraq anlaya bilirikmi?! Həyata bağlı insan bəlkə buna, sadəcə, həsədlə, ya da uzağı qəzəblə baxar; “maaşlı məmurda bu bahalıqda saat hardandır?!” deyər. Ya da bəlkə də bəzilərimiz heç o saatın bahalığının-ucuzluğunun fərqinə varıb dərinə getmərik. Elələri də olar ki, paxıllıq duyar: kaş bu masa arxasında oturan – o saatı taxan, yayda İspaniya sahillərində günəşlənən, qışda İsveçrə dağlarında xizək ötüşdürən... mən olardım. Və ilaxır. Ancaq qazi... O tamam başqa pəncərədən baxır bu olaya – müharibədən baxır. Bizim baxa bilmədiyimiz bir nöqtədən baxır bizə. Həyatla ölüm arasında çarpışan, bu savaşda ya həlak olanın, ya da yarımcan qalanın gözündən baxır. Deyir: “Mən döyüşün ortasında - minaatanın atəşi altında növbəti düşmən səngərinə tərəf palçığın içində sürünüb canımı verəndə bu məmur və ya hər kimsə artıq şəhərin ortasında təzə mənzillər alıb ərəbə kirayə verirdi və axşamlar da Fəvvarələr Meydanında lovğa oliqarx ədası ilə dik-dik gəzirdi”.

Və ya bir başqa qazi görür ki, varlı balası öz ərköyün kolleksiyasına topladığığı lüks avtomobillərdə şütüyür, özü isə ən yaxşı halda əlil arabasında gəzir. Haram pulla qazanılmış "Maybach" və halal yolla qazanılmış... əlil arabası. İndi çıx, küçədə bunları ötüşdür, görüm, necə ötüşdürürsən?! Bu kontrastı necə "ötüşdürəcəksən?!" Öz haram Ferrarinlə əlil arabasının yanından saymazyana maneranla necə manevr edəcəksən?! Sənin üçün canından keçənin yanından sakitcə nə cür keçəcəksən?! Keçib hara gedəcəksən?! Və haracan gedəcəksən?!

Uilyam Somerset Moyemin məşhur “Luiza”sındakı kimi başqasının bədbəxtliyindən bəslənəcəksən?! Moyemin “qəhrəman”ı ən çox öz doğmalarının bədbəxtliyindən... xoşbəxt olurdu. Axırda özündən də çox sevib qoruduğu, adar-madar bir qızının xoşbəxtliyindən... BƏDBƏXT oldu. Öldü!

Xeyr, biz bu deyilik axı!

Deyirsən ki, qazi özünü yandırıb. Yox, biz onun içindəki alovu vaxtında görüb söndürə bilməmişik. Bizə yaxın olan insanların için-için yanıb-yaxılmağına uzaqdan baxmışıq.

İnsanın içində başlayan yanğın bəzən onun bütün ruhunu, bədənini sarır. Bəzən də içindən yanan insan ölümü belə həyata tutunmaq üçün seçir. Nə qədər qəribə də olsa. İçindəki yanğına biganəlik görəndə alıışıb-alovlanıb tutuşur, gedir. Biz isə özünə qucaq açmadığımız adamın dalınca ağlayırıq, sadəcə. Boynumuzda Şuşa boyda borcu olanın boynuna sarılmağa mənəvi “boyumuz” çatmır bəzən.

Bəli, bu qazilərlə eyni ailədə doğulmasaq da, doğmalarımızdır hamısı artıq. Bizim üçün canından keçən canımızdan bir parçadır əslində. Və bu üzdən özünü yandıran qazinin alovu çox adamı, çox şeyi, bəzən də hər şeyi yandırır, yandıra bilər. Ancaq adamı ən çox yandıran bu yanğına sönük baxanların ürəyindəki buzlaqdır. Düşünürsən: bəlkə yaşadığımız bu zaman dilimi yanan ürəklərə qarşı donuq tövrlərin dönük dövrüdür! Bəlkə biz sürət əsrində deyil, nifrət əsrində doğulmuşuq?! İçində yaşadığımız bu formasiyanın adı bəlkə nə feodalizmdir, nə kapitalizm, bəlkə, sadəcə sinizmdir?! Ya da komformizm – “məndən ötdü, qardaşıma dəydi” modu. Modern texnologiya erasında deyil, çürük tavtologiya zəmanəsində yaşayırıq bəlkə? Məşhur rəssam Şerifin karikaturasında olduğu kimi: əcəb epoxaya düşmüşük!

...Biz deyə bilmərik ki, dövlət heç nə etmir. Mən qazilərə, şəhid ailələrinə edilənlərlə bağlı çoxlu rəqəmlər, faktlar görmüşəm; sosial nazirliyin saytlarında boy-boy, sıra-sıra... Ayrılan yardımlar, verilən müavinətlər, tikilən evlər, paylanan avtomobillər, ödənilən kompensasiyalar... Və bu, davam edir. Ancaq bunlar nəyi və niyə tam kompensasiya edə bilmir ki, keçmiş hərbçilər arasında qane olmayanlar var?!

Bəli, rəsmi statistika əlillərə, şəhid ailələrinə hər cür dövlət qayğısından xəbər verir. Elə bu cür də təqdim edirlər: qayğı. Dövlət, insafən, çox şeylər edib, amma etmədikləri də çoxdur yəqin ki. Niyə qazilər arasında intiharlar var?! İndiyə qədər 36 qazinin intihar etdiyi deyilir, yazılır mediada, sosial şəbəkələrdə. Mən, düzü, bilmirəm, bu rəqəm doğrudur, ya yanlış. Bu tendensiyaya heç rəqəm(lər)dən baxmaq da istəmirəm. Bu, etik deyil. Heç epik də deyil, lirik belə deyil, tragikdir. O insanların hamısı eyni səbəbdən həyatına son qoymayıb. Hərəsinin öz ağrılı - acı son hekayəsi var. Ancaq intihar edən hətta bir nəfərdirsə belə, bu, çoxdur. Dövlət də bunun fərqindədirsə, tendensiyadan narahat olması gərək.

Bu mətləbə hələ qayıdacam. Doğrusu, bu qayğı məsələsi mənə bir az qəribə gəlir. Əslində qayğıdan qabaq sayğı istəyir insan. Ondan qalanda qayğı o zaman olur ki, sən cibindən edirsən; qayğı sənin öz cibindən, şəxsi imkanlarından ayırıb elədiyindir. Mən belə başa düşürəm. Bəlkə də yanılıram. Dövləti qoruyana dövlətin (elə millətin də) elədiyinə "qayğı" deməyək. Burda qarşılıqlı borcdan söhbət gedir; onun borcu dövləti (milləti) qorumaq idi, üzərinə düşəni edib, indi növbə dövlətin və hamımızındır. Nə qayğı?! Biz ona borcluyuq, boirclu. Misal: mən bu dünyadan köçəndə, məzarımın başında molla soruşacaq ki, mərhumun borcu vardımı?! Yaxınlarım əminliklə deyə bilər: "Mauqli ləqəbli Elvinə borcu vardı".

Ona sevgi borcum qaldı. Hələ mən fərdəm. Fərdi olduğum dövlətin də borcu vardı. Nə qədər ödədi, nə qədər qalıb – o başqa məsələ. Əslində müəyyən mənada istintaq bunu araşdırır həm də. Ya da araşdırmalıdır deyək...

Vətəndaş dövlətə vergi verir, əvəzində sevgi istəyir. Ya da gözləyir. O sevgi olmasa, ortada nə Vətən qalar, nə daş!

Sosial nazirlik deyir ki, o qaziyə hər şey verilib. Maddi olaraq təmin olunub. Başqa həmkarlarımdan fərqli olaraq, mən buna inanmaq istəyirəm. Hətta bəlkə də inanıram. Ancaq qazilərin istədiyi çox vaxt, ya da elə həmişə maddi deyil, o maddidə ifadə olunan mənəvi nəsnədir. Əgər maddinin dalınca qaçan olsaydı, ən qiymətli "maddi"ni - öz şirin canını torpağa qurban deməzdi. Maddinin ardınca gedən olsaydı, gedib özgə müharibələrdə muzdlu olardı, öz müharibəsində könüllü olmazdı. Könlünü öz Vətəninə veribsə, könlünü almaq da öz Vətəninə düşər, elə deyilmi?!

Mən bilmirəm, “Mauqli” ləqəbli qazimizin bu cür dəhşətli üsulla intihar etməsinin əsl səbəbi nədir?! Əgər obyektiv araşdırma olacaqsa, gerçəyi biləcəyik. Ancaq bununla bağlı bir mübahisəli məqamla mən də azca “mübahisə” edərdim: rəsmi tərəfdən dedilər ki, mərhumun psixoloji problemi olub. Yaxınları dedi: “Olmayıb”. Mənə elə gəlir ki, “olub-olmayıb” dartışması özü də bir azca... psixoloji problemdir.

Burda mübahisəlik nə var?!

Hər adamın psixologiyası var. Psixologiyası varsa, adamın psixoloji problemi də ola bilər, burda təəccüblü olan nədir?! Müharibədən qayıtmış adamda fiziki də, fizioloji də, psixoloji də, hətta psixi də problemlər ola bilər. Elə dinc həyatda mülki insanlar da bu problemləri yaşayır. Psixoloji problem ayrı şeydir. Psixi problem deməyiblər axı, psixoloji problem deyiblər.

Açıq etiraf edək: bizim toplumda terminləri fəlakətli dərəcədə qarışdıran xeyli insan var. Hamılıqla qəbul olunmuş anlayışları anlayışla qarşılamayan, ya da anladığı kimi qarşılayan fərdlər! Eləsi var, deyərsən: “Psixoloq yanına get”. Deyər: "Mən dəliyəm?!"

Qadınlı-kişili fiziki görünüşünü korreksiya etdirmək üçün cərrah bıçağı altına getməkdən qorxmur, ancaq psixoloqa gedib batinini “korreksiya” etməkdən qorxur. Adamın psixi problemli olduğunu düşünərlər deyə psixoloji probleminin olduğunu danan bir toplumuq biz yəni?! Axı bu iki anlayışı qarışdırdığımız nöqtə adamın özünə od vurub alışdırdığı nöqtədir. Onun, doğrudan da, psixoloji problemi vardısa, bunu qəbul edib, qazini müalicəyə cəlb edə bilərdik. Həm hökumət, həm ailəsi, həm onu yaxından tanıyanlar olaraq. Elvin Cəfərovun belə bir rahatsızlığı olduğu görünmür. Hər halda ilk baxışdan. Videosuna baxmışam - özünə görə ağlı da, məntiqi də, mühakiməsi də yerindəydi.

Söhbət burda heç konkret bir şəxsdən, heç özünü yandıran qazidən, başqa qazilərdən getmir. Mən, ümumiyyətlə, deyirəm: kiminsə lap psixi problemi də ola bilər. Hətta heç əsgər də deyil. Həyatdır da. İnsan təkcə malını, pulunu itirmir ki. Ağlını da itirə bilər. Bəzən elə mal, pul dalınca çox qaçanlar arasında ağlını itirənlər var. Üstəlik insanlığını. Həm də az deyillər. Normal həyatda olmur ki, insanların koqnitiv pozuntuları?! Olur. O da ola müharibəni od-alovundan keçmiş əsgər. Kiminsə psixi problemi olsa belə, adamın

bu halından utanmaq, bunu gizlətmək yaxşıdır, yoxsa bu faktın reallığı ilə barışıb onu müalicə etmək, yaxud etdirmək?! Mən hələ psixolojini demirəm.

Bu yanlış yanaşma bəzi başqa rahatsızlıqlarımıza da aiddir; cinsi mənşəli xəstəliklərdən ölüb getməyi müalicə almaqdan üstün tutan nə qədər adam var! Məzara getməkdən qorxduğu halda, həkimə getməyə utanan! O cümlədən, psixoloji rahatsızlıqlarda da bu baş verir. Təkcə keçmiş hərbçilər deyil, elə “hərbsizlər” - mülki şəxslər arasında da psixoloji problemlərini etiraf və bərtərəf etmək əvəzinə intihar etməyi seçən xeyli canlı (daha doğrusu, təəssüf ki, artıq cansız olan) nümunələr var.

Burda bir də dönüb keçmiş döyüşçülərə baxaq. Adamlar diametral tərs bir olayın içindən gəlib. Silahların danışdığı, qanunların susduğu yerdən. Normal həyatda qarışqanı tapdalamağa ürəyi gəlməyən insan, tutaq ki, 24 il, 34 il, 44 il yaşadığı dinc həyatdan qopub 44 günlük müharibənin ortasına düşüb və adam öldürmək zorundadır. Əslində zorunda da deyil; bu, onun əsgər kimi borcudur. Torpağına borcunu düşmən əsgərini, yeri gələndə, özünü torpağa verməklə ödəməlidir. Bu, tamam başqa düşüncə ölçüsü, başqa davranış modeli, tam başqa qavrama freqansıdır. Ömrü boyu əlinə silah alıb, düşmənə güllə atmayan adamlar bu qaçılmaz irreallığı bütünlüyü ilə dərk edə bilməz bəlkə də. Orda – savaşda tamamilə başqa qanunlar işləyir, ya da... işləmir. Odur ki, savaşdan qayıdan insan səninlə öz dilinin başqa çalarında, öz səsinin başqa ladında, eyni kəlmənin fərqli yozumunda danışa bilər. Buna hazır olmalıydıq. Post-müharibə dövrünün stressi- bu sindrom hər əsrdə, müharibədən çıxmış hər ölkədə yaşanıb və yaşanır. Qalib yeniçərilər zaman-zaman Osmanlı sultanlarının gününü göy əskiyə bükməmişdimi?! Almaniyada Hitleri hakimiyyətə daşıyan reallıq Birinci Dünya Müharibəsinin “postmüharibəsi” olmadımı?! Alman xalqı, təəssüf ki, bu mərhələni normal keçə bilmədi, nəticədə daha dağıdıcı müharibə aldı. ABŞ kimi dünya nəhəngi belə bu problemdən keçib. Ağrısı ilə, itkisi ilə... Bu dövrün öz daxili “məntiq”i var: "bayırda" müharibə bitib, ancaq döyüşmüş adamların (hər halda bir qisminin) içindəki müharibə davam edir. Ancaq bu da var ki, başqa dövlətə qarşı apardığın və qələbələrlə sonlandırdığın real müharibəni içində yenidən şəkilləndirib öz dövlətinə qarşı püskürmək, ya da püskürtmək təkcə yanlış deyil, həm də təhlükəlidir.

Psixoloji hal deyəndə bunu nəzərdə tutmaq olar. Əsgərimiz böyük müharibəni udub. Biz bu müharibəni udmuşuq, ancaq boğazımızda qalıb sanki. Kimlərsə - içəridən, ya çöldən, fərq etməz- istəyirlər ki, udduğumuz müharibə boğazımızda qalsın. Bizi öz qələbələrimizdə, öz qələbəmizlə boğmaq istəyənlər var...

Nümunə deyim. Bax, bu həyatda polisdən ən çox zərər görənlərdən biri də mənəm. Açığını deyəcəm: mənim polisə sevgim bir az analitik yanaşmadır. Platonik deyil. Özümə və özgələrə qarşı qanundan kənar müstəvidə davranışları olanda. sevə bilmirəm və sevə bilmərəm də. Mənim üçün o polis var ki, qəzəbli qazini qucaqlayıb sakitləşdirir. Tutduğuna işgəncə verən, adamı evindən çılpaq aparan polisi sevə bilmirəm, ancaq yanan binada uşaqları, insanları öz həyatı bahasına xilas edən polisi sevirəm. Yəni polisə çox mürəkkəbdir münasibətim. Ancaq bütün bunlarla yanaşı mən polisin Allahı söymədiyinə Allaha inandığım qədər inanıram. Bunu iddia edənlər öz adından deyil, Allahın adından - daha doğrusu, Allahın adının arxasında gizlənərək dövlətin üzərinə yeriyənlər, yeridilənlərdir. Onlar Vətəninə özgənin daşını atan vətəndaşlardır. Mən o vətəndaşlara deyirəm: Allah sənə beş min xalqın arasında, sadəcə, iki yüzündən biri olmaq şansı verib; öz dövlətini qurmaq imkanı bağışlayıb, öz dövlətini dağıtmaq haqqını verməyib axı! Bu, hamıya aiddir. Hesab edirsən ki, hökumətin pisdir, dəyiş, dövlətini niyə dövlətsizliyə dəyişmək istəyirsən?! Hökumət pisdir deyib dövləti dağıdarlar?! Hə, deyəcəksən ki, mən bu hökuməti dəyişə bilmirəm. O zaman sualım var: sənin yoxdan dövlət qurmağa gücün çatıb da, hökuməti dəyişməyə gücün yoxdur?!. Deməli, sən hökumət dəyişə bilməyəcək qədər dəyişmisən. Hökumət də bir yana, öz həyatını dəyişdirə bilməyəcək qədər dəyişmisən. O halda qazinin dünyasını dəyişməsinə mane ola bilməməyin təbiidir. Çünki öz taleyinə bu qədər biganələşən toplum bir fərdin - hətta, onun üçün ölümə getmiş fərdin taleyinə başqa cür münasibət göstərə bilməzdi.

Hə, virtualda postfaktum hamımız təpkiliyik. Bu hadisədən üzüldük, göz yaşı tökdük, ağrdıq, qəzəbləndik. Bəs real vaxt rejimində nə edirdik?! Dövlət, hökumət, icra başçısı, başsızı-filan... Bunları keçdim. Biz həmin vaxt nə edirdik?! Dünən axı biz Elvini, başqa döyüşçülərimizi düşmən üzərinə getməyə - torpaq üçün öldürməyə, hətta ölməyə həvəsləndirdik. Ancaq indi yaşamağa həvəsləndirməliydik. Biz qazilərin dinc həyata alışmasına çalışmalıyıq, həyatına od vurub alışdırmasına deyil. Mütləq gözləməliydik ki, bir polis gəlib ya qandallasın, ya da qucaqlasın?!

Qazini intihara təhrik edən konkret qurumlar, şəxslər var?! Bu suala qanun cavab verəcək. Əgər qanun doğru cavabı verəcəksə, əsl günahkarlar qanun qarşısında cavab verəcəksə, geriyə tək bir sual qalacaq: biz hətta haqlı səbəblərdən də olsa belə, intiharı seçməli - saysız-hesabsız yollar varkən, intiharı çıxış yolu olaraq görməlii bir toplumuqmu?!

Ümumiyyətlə, qazilərə yanaşmada bəzən iki ifrat görürəm: ya onlara biganəyik, ya da aşırı həssasıq. Ya onların dediklərini eşitmirik, ya da demədiklərini eşidirik. Ya onların haqlı olduğunu görmürük, ya da apriori olaraq nə olursa-olsun haqlı görürük. Bunun da səbəbi var: o əsgər boynumuza o qədər haqq qoyub ki, öz həyatına qıymağında belə onu bir yerdə sanki haqlı sayırıq. Hərçənd Haqq qarşısında intihar günah sayılır. O başqa məsələ ki, bu qazimizin intiharının günahkarları var, yaxud ehtimal olunur...

Məncə, bu tendensiyanı - "könüllü" ölüm karvanını durdurmağın yolunu hamılıqla tapmaq lazımdır. Bunu təkcə hökumətdən gözləmək lazım deyil. Heç bəlkə hökuməti gözləmək də lazım deyil. Qazilərin haqlı istəyinə, hətta varsa, tələbinə diqqət, onlara şəfqət və mərhəmət... bunlar birinci şərtdir. Onların haqlı tələblərinə dəstək verməklə yanaşı haqsız saydığımız momentlərə də analitik anlayışla yanaşmağı öyrənməliyik. Biz qazilərimizin dilini öyrənib öz dilində danışmağı bacarmalıyıq. Bu kateqoriya ilə işləyən hökumət qurumları, vəzifəli şəxslər cəmiyyətin etimadını qazanmalıdır, etmadsızlığını deyil. Anlayıram, həssas kateqoriyalarla işləmək olduqca çətindir. Burada stressə davamlı olmaq önəmli şərtdir. Ancaq biz görürük: “sosial” nazirimiz stressə lazım olduğundan da çox davamlıdır. Jurnalist qazilərlə bağlı sual verir, cavabında deyir: “İmkan verin tədbirimizi keçirək”. O suala cavab vermək də vacib bir tədbirdir axı, cənab nazir! Bir-iki dəqiqənizi alacaqdı bu cavab...

Biz hökumətli-vətəndaşlı hamımız qazinin qanuni haqqını qazidən də çox, qazidən də qabaq tələb və təmin etməliyik. Bundan qaça bilmərik. Qarabağın işğalda olması problem idi, elə deyilmi?! Problemdən qaçdığımız otuz ildə başıaşağı gəzdik; problem üstümüzə gəldi ancaq. Elə ki problemin üstünə getdik, həll edib gəldik. Problemin üstünə getmək lazımdır. Biz müharibədən necə cəsarətlə və məharətlə keçdiksə, postmüharibədən də eləcə mətanətlə və ləyaqətlə keçməliyik və keçəcəyik. Həm də ədalətlə və mərhəmətlə.

Biz qazini öz problemləri ilə baş-başa buraxmayacağıq. Əksi fəlakət olar.

Keçmiş döyüşçülər keçmiş də olsa, döyüşçülərdir. Biz dinc həyata döyüş məntiqi gətirilməsinə yol verməməliyik. Burda diqqət, şəfqət, mərhəmət öndə olacaq. Çarəsi yox! Bir nüans da var: heç də bütün keçmiş döyüşçülər problemlərlə başa çıxa bilmir. Adam müharibənin qəhrəmanıdır, müharibəsizliyin deyil. Müharibəsizliyə alışmaq bəzən müharibəyə alışmaqdan çətin olur əsgər üçün. "Postmüharibə" dediyimiz şey o əsgərin boynumuzdakı borcunu dövlət, millət olaraq ödəməyimizdir. Bizim üçün müharibəyə - ölümə getmiş olanı həyata qazandırmaq lazımdır, intihara tərk etmək, hətta bəzi hallarda olduğu kimi, motivə etmək yox! İntihar çıxış yolu kimi heç sonuncu da deyil. Ancaq bir və xeyli insan həyatı üçün yolun sonudur. Biz yol getməyə nədən axı yolun bitdiyi yerdən başlayaq?!

Dünən döyüşənlər üçün savaş dövrüydü, bu gün... "şabaş" dövrüdür. Onsuz da çox deyillər; onları yaşatmağa, yaralarını sarımağa bu gün cəmiyyət olaraq gücümüz var, dövlət olaraq dünəndən var.

Hər bir həyat, üstəlik ölümün pəncəsindən qurtulub qayıtmış həyat fövqəladə qiymətlidir. Misilsiz dəyərdir. Buna olduğu kimi dəyər vermək bizə düşər. Ölümün gözünə qürurla baxmış adam geriyə qayıdıb qürurlu həyat görməsə, həyatdan üz çevirib tərkar ölümə baxar. Bu dəfə DİNC ölümə... Bəs biz? Dayanıb baxacağıqmı, sadəcə?!

Bahəddin Həzi,

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »