Rusiya prezidenti Vladimir Putin qlobal sabitliyə meydan oxuyub. Ukraynaya qarşı müharibə onun strateji məğlubiyyəti olmalıdır.
Bizimyol.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden deyib. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi bütün dünyada sabitliyə təhdiddir. ABŞ Rusiya təcavüzünə qarşı müqavimət göstərməkdə Ukraynaya və onun xalqına kömək edəcək.
“Putinin müharibəsi onun strateji məğlubiyyəti olmalıdır. Azad dünya bizim Ukraynaya öz demokratiyasını müdafiə etməkdə köməyimizi dəstəkləməlidir”,- deyə Bayden deyib.
O, hesab edir ki, Ukrayna Rusiyaya ciddi zərbə vurub. Elə bu işğala görə, hazırda Rusiya çox yüksək bədəl ödəyir. Baydenin fikrincə, zaman keçdikcə dünya Ukraynadakı müharibədən yorulacaq və onun Rusiyaya müqavimət göstərməsinə kömək etməyi dayandıracağı fikrindən qorxmur.
"Qorxmuram. Ancaq düşünürəm ki, nə vaxtsa bu, bir növ gözləmə oyunu olacaq. Rusiya nəyin öhdəsindən gələ bilər və Avropa nəyin öhdəsindən gəlməyə hazır olacaq - bunu zaman göstərəcək",-deyə Bayden bildirib.
Bir müddət əvvəl isə ABŞ prezidenti qeyd edirdi ki, Mərkəzi Kəşfiyyat İdarəsinin əldə etdiyi kəşfiyyat məlumatları Putinin planlarını üzə çıxarıb və Vaşinqtona müharibə ilə bağlı digər ölkələri xəbərdar etmək imkanı verib. “Kəşfiyyat ekspertlərimizin inanılmaz işi sayəsində biz Vladimir Putinin Ukraynada nə planlaşdırdığı barədə dünyanı xəbərdar edə bildik”,- deyə o qeyd etmişdi.
İlahin, Bizimyol.info