Sumqayıt sakini Solmaz Hacıyeva küçə heyvanlarını yemlədiyinə görə polisin onu cəzalandırdığını iddia edir.
Bizimyol.info xəbər verir ki, 75 yaşlı Solmaz Hacıyeva inzibati qaydada cəzalandırılıb. Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulduğuna görə) maddəsilə protokol tərtib olunub.
Daxili İşlər Nazirliyi Solmaz Hacıyevanın inzibati qaydada məsuliyyətə cəlb olunduğunu təsdiqləsə də, onun küçə heyvanlarını yemlədiyi üçün cəzalandırılması haqda deyilənləri təkzib edib.
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev Bizimyol.info-ya bildirib ki, Solmaz Hacıyeva çoxmənzilli binanın evinin qarşısında müvafiq qurumlar tərəfindən keçirilən dezinfeksiya işlərinə maneə törədib. Bu səbəbdən polis əməkdaşları onunla dəfələrlə profilaktiki söhbətlər aparıb.
“Bundan başqa Soımaz Hacıyeva qonşuların etirazına baxmayaraq, həmin ərazidə küçə heyvanlarına yem verərkən antisanitar şəraitin yaranmasına səbəb olub. Qonnşular tərəfindən edilən çoxsaylı müraciətlər əsasında Solmaz Hacıyeva barəsində İXM-nin 211.1-ci maddəsilə protokol tərtib olunub. Sakinlərin istəyinə uyğun şəkildə ərazidə antisanitar vəziyyət aradan qaldırılıb”, - Daxili İşlər Nazirliyinin əməkdaşı bildirib.
Aytən, Bizimyol.info