Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftə tələbat azalır: Azərbaycan üçün daha bir dərs
Neftə tələbat azalır: Azərbaycan üçün daha bir dərs

ABŞ-da inflyasiya rəqəmləri açıqlanandan sonra neftin dünya bazarında qiyməti aşağı düşməyə başlayıb. Mütəxəssislər ümumi səbəblər kimi başqa amilləri də nəzərdən qaçırmamağın tərəfdarıdır. Məsələn, “Şimal axını” layihəsi ilə bağlı baş verənlər özünü göstərməyə bilməz. İstənilən halda dünyada neftə tələbatın azalma tendensiyası diqqətdən qaçmır.

Bizimyol.info xəbər verir ki, Avropa bazarında “Brent” markalı neftin qiyməti 100 dollardan aşağı düşüb. Vaşinqtondan gələn ABŞ-da inflyasiyanın 9.1 faizə çatması xəbərindən dərhal sonra eniş baş verib. Ekspertlər belə yüksək rəqəm gözləmirdilər.

İyunun 30-da “Brent” markalı neftin bir barelinin qiyməti 116 dollar olub, martın ilk həftəsində isə Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə fonunda qiymət 130 dollara qalxıb. Buna görə də aşkar ucuzlaşmadan danışa bilərik. Ümumiyyətlə, planetin əsas enerji daşıyıcısı kəskin dəyər itirir.

Qərb mənbələri eniş peosesinin davam edəcəyinə əmindir. Amma “J.P.Morgan Chase” bankının iyulun əvvəlindəki proqnozunu da unutmaq olmaz. ABŞ-ın böyük maliyyə qurumu Kremlin ixracatı kəskin azaldacağı halda neftin qiymətinin ən azı 190 dollara çata biləcəyini iddia etmişdi. Hətta rəqəmin 380-ə yüksəlmək ehtimalından söz açılmışdı.

Amma ertəsi gün başqa məşhur ABŞ bankı “Citigroup” tamamilə fərqli proqnoz vermişdi. Proqnoza görə, qlobal tənəzzül zamanı neftin qiyməti bu ilin sonuna kimi 65, gələn ilin sonunda isə 45 dollara düşə bilər.

“Qlobal tənəzzül” ifadəsinə xüsusi diqqət yetirmək lazımdır. Əmtəə bazarlarında yeni böyük iqtisadi böhran qorxuları artır. Qərb ekspertləri və media düşünür ki, qiymət azalması həm də bu qorxulara görədir. Təkcə neftin yox, misin də qiyməti kəskin azalır. Çoxsaylı sənaye sahələrində geniş istifadə edilən və buna görə də iqtisadi vəziyyətin çox dəqiq göstəricisi sayılan bu əlvan metalın dəyəri iyulun 13-də ilyarımda ən aşağı səviyyəyə düşüb.

Qısa izah edək: enerjinin, xüsusilə də neft və benzin, dizel, kerosin kimi neft məhsullarının maya dəyərinin artması, adətən, inflyasiyanın yüksək olmasına gətirib çıxarır. Kommersiya banklarında kreditlərin dəyəri azaldılır, nəticədə biznes istehsalı, əhalinin istehlak imkanları aşağı düşür. Beləcə, iqtisadi artımın ləngiməsi baş verir, bu da tənəzzülə çevrilir. Bir sözlə, mərkəzi banklar inflyasiyanı boğmağa çalışarkən iqtisadi fəallığı da boğmaq riski ilə üzləşirlər.

Qəribə tendensiya odur ki, Rusiya qazının “Şimal axını” ilə tədarükü dayandırılanda neftin qiyməti yüksəlmək əvəzinə aşağı düşüb. Belə görünür ki, Moskvanın Avropanı Ukraynaya dəstəkdən yayındırmaq üçün qaz manipulyasiyası lazımi effekt vermir. Əksinə, Kreml neftindən imtina ilə yanaşı, qiymətlər də aşağı düşür. Rusiya isə onsuz da Çinə və Hindistana nefti ucuz satırdı. Qərbin alternativ enerjiyə marağının artması, gələcəyi bunda görməsi bazarda mənzərəni dəyişib. Neft erası yavaş-yavaş geridə qalır. Bundan hətta Azərbaycan da nəticə çıxarmalıdır.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »