Rusiya ilə Ukrayna arasında müharibə tam sürətlə davam edərkən, Kremlin nəzarətində olan Rusiya televiziyasından təhdid dolu açıqlama gəlib.
Bizimyol.info xəbər verir ki, Qərb və Rusiya Ukrayna müharibəsinə görə tarixlərinin ən gərgin dövrünü yaşayırlar. Rusiyadan gələn xəbərlər isə bu gərginliyin daha da artacağından xəbər verir. Çünki bir müddətdir ki, Rusiya dövlət televiziyasından təhdid xarakterli verilişlər yayımlanır.
Bu dəfə də Kremlin nəzarətində olan “Rossiya-1"-də "60 dəqiqə” adlı verilişin aparıcısı Olqa Skabeyeva Rusiyanın hədəfə aldığı yeni ölkəni açıqlayıb. O, Qərbin Ukraynaya silah tədarükünün qlobal münaqişəyə bərabər olduğunu iddia edərək, “bəlkə Ukraynada Xüsusi Hərbi Əməliyyatın bitdiyini qəbul etməyin vaxtı çatıb. Çünki əsl müharibə, 3-cü Dünya müharibəsi başlayıb”,- deyə bildirib.
“New York Post”da çıxan xəbərə görə, rusiyalı aparıcı ABŞ-ın Ukraynanı silahlandırmağa davam edəcəyi təqdirdə müharibənin Polşaya da sıçrayacağını iddia edib. Skabeyeva, “ABŞ 300 kilometr mənzilli raketlər göndərsə, dayana bilmərik. Belə olan halda biz Varşavaya gedəcəyik” deyib.
Xatırladaq ki, Skabeyevanın bəyanatı ABŞ-ın ötən həftə Ukraynaya göndərməyə başladığı M142 Yüksək Hərəkətli Artilleriya Raket Sistemlərinə (HIMARS) aiddir. Ukrayna əsgərləri Ukraynanın şərqində cəbhə xəttində T-72 tankından istifadə edir
Hərbi ekspertlər bildirirlər ki, bu silahların Ukrayna ordusunun inventarına daxil olması ilə müharibədəki balans dəyişə bilər.
Britaniya mətbuatının “Putinin kuklası” adlandırdığı Skabeyevanın Kremlin razılığı olmadan bu açıqlamanı verə bilməyəcəyi bildirilir.
Daha əvvəl canlı yayımda Moskvanın nüvə hücumu xəritəsini yayımlayan rusiyalı jurnalistlər belə bir vəziyyətdə London, Paris və Berlinin xəritəsinin 202 saniyə ərzində silinəcəyini açıqlayıb.
Rusiyalı jurnalistlər belə bir hücum olacağı təqdirdə hədəf alınan şəhərlərdə sağ qalanların olmayacağını da vurğulayıblar.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən qorunan 'Şeytan 2' raketləri Rusiyanın paytaxtı Moskvadan atıldıqda İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir.
Onu da əlavə edək ki, Putin Sarmat qitələrarası ballistika sisteminin tamamlanmaq üzrə olduğunu təsdiqləyib və TASS xəbər agentliyinə bildirib ki, “Sarmat üzərində iş fəal şəkildə davam edir və hazırda son mərhələdədir”.
Rusiya bu yaxınlarda adi və ya nüvə başlığı daşıya bilən hipersəsli Zirkon raketinin yeni şəkillərini paylaşıb. Sözügedən raket Rusiya prezidenti Vladimir Putinin təriflədiyi yeni nəsil rus silah texnologiyasının bir hissəsidir. Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədəki hədəfləri vura biləcəyini açıqlamışdı. Raketi “dayanılmaz” və “məğlubedilməz” kimi xarakterizə edən Putin, yeni silahları ilə dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini və ABŞ istehsalı olan raket qalxanından qaça biləcəklərini təkid edir.
Bununla belə, hazırkı şəraitdə Rusiyanın Polşaya hücum etməyə cəsarəti yəqin ki, çatmaz. Çünki Polşa hərbi cəhətdən Ukraynadan əhəmiyyətli dərəcədə güclü bir dövlətdir. Hazırda Rusiyanın Ukraynada apardığı uğursuz müharibəni nəzərə alsaq, hətta Polşanın nüvə silahı istisna olmaqla, Rusiyadan daha güclü olduğunu da iddia etmək olar.
Leyla, Bizimyol.info