Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden yenə qaydaları heçə saydı
Bayden yenə qaydaları heçə saydı

ABŞ prezidenti Co Bayden dünən başladığı İsrail səfərində karantin tədbirləri səbəbiylə əl sıxmamaq qaydasını dəfələrlə pozub.

Bizimyol.info xəbər verir ki, Bayden onu Tel-Əvivin Ben Qurion hava limanında qarşılayan İsrail prezidenti İsaak Hersoq və baş nazir Yair Lapidlə yumruq atma jesti ilə görüşüb. Lakin o, bir neçə dəqiqə sonra görüşdüyü İsrailin keçmiş baş naziri Benyamin Netanyahunun əlini sıxıb. Yaxın təmasda olan qarşılanma mərasimində heç kimin maska taxmadığı da vurğulanıb.

ABŞ prezidenti təxminən bir saat sonra keçirilən müdafiə toplantısında İsrailin müdafiə naziri Benni Qantzla, Qüdsdəki Holokost abidəsində keçirilən mərasimdə isə baş nazir Lapidlə əl sıxarkən kameralara tuş gəlib.

Xarici media yazır ki, kobud səhvləri və tez-tez yıxılması ilə diqqət çəkən Bayden, Holokost şahidləri ilə əl sıxaraq, Ağ Evin rəsmi olaraq elan etdiyi əl sıxma qaydasını dəfələrlə pozub.

Qeyd edək ki, Ağ Ev ABŞ prezidenti Baydenin İsraildən sonra səfər edəcəyi Səudiyyə Ərəbistanında Covid qaydaları çərçivəsində səlahiyyətlilərin əlini sıxmayacağını açıqlayıb.

Bəzi siyasi ekspertlər Baydenin bu qərarı Covid tədbirləri üçün deyil, ziddiyyətdə olduğu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla əl sıxmamaq üçün verdiyini düşünür.

Xatırladaq ki, 2018-ci ildə səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda öldürülməsindən sonra Səudiyyə Ərəbistanı hökumətini məsuliyyətə cəlb edəcəyinə söz verən ABŞ prezidenti Baydenin Səudiyyə Ərəbistanına səfəri ABŞ-da reaksiyalara səbəb olub. Bayden ötən həftə “Washington Post” qəzetinə yazdığı məqalədə tənqidlərə cavab verərək Səudiyyə Ərəbistanı ilə təmasların ABŞ üçün vacib olduğunu bildirib.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »