İkinci Dünya Müharibəsinin son günlərində bir fransız əsgəri tərəfindən dağ bunkerindən qarət edilən Hitlerə məxsus qızıl saat hərraca çıxarılıb.
Bizimyol.info xəbər verir ki, İsveçrənin dəbdəbəli saat istehsalçısı LeCoultre tərəfindən istehsal olunan saatda nasist liderinin baş hərfləri, svastika və alman imperator qartalı var. Burada həmçinin üç tarix qeyd olunub: Hitlerin doğum günü, Almaniya kansleri təyin olunduğu və Nasist partiyasının 1933-cü il seçkilərində qələbə qazandığı tarix.
Saatın Hitlerə 1933-cü ildə Almaniya kansleri seçildikdən sonra rəhbərlik etdiyi nasist partiyası tərəfindən verildiyi güman edilir.
Bildirilir ki, saat 1945-ci il mayın 4-də Almaniyanın cənubundakı Berqhofdakı Hitlerin dağ evindən fransız əsgəri tərəfindən götürülüb. Bu hadisədən beş gün əvvəl isə Hitler Berlindəki bunkerində intihar etmişdi.
Saat indi ABŞ -ın Merilend ştatındakı Alexander Historical Auctions-da satışa çıxarılıb . Hərrac evinin rəhbəri Bill Panaqopoulos bildirib ki, Hitler saatı indiyədək heç vaxt açıq satışa çıxarılmayıb:
“Saat, çox güman ki, Hitlerə 1933-cü ildə Almaniyanın kansleri təyin edildikdən və mahiyyətcə ölkə idarəçiliyinin bütün aspektləri üzərində tam səlahiyyət əldə etdikdən sonra verilib. Bu, çox güman ki, nasist partiyası tərəfindən onun uğurunun etirafı və partiyanı hakimiyyətə gətirdiyinə görə təşəkkür kimi verilib. Şübhəsiz ki, unikal bir parçadır! Heç vaxt hərracda Hitlerin saatları təklif olunmayıb və bizim nümunəmiz, şübhəsiz ki, möhkəm mənşəyə malikdir. Onun qab-qacaqlarını, paltarlarını, mebellərini əvvəllər yüzlərlə satmışıq. Ancaq saat demək olar ki, hər şeydən daha şəxsidir”.

Panaqopulos onu da vurğulayıb ki, hərrac nasist diktatorunu izzətləndirmək məqsədi daşımayıb: “Biz indiyə qədər yaşamış ən pis insana hörmət göstərmirik”.
Saat komponentləri LeCoultre-dən olsa da, cihazın yığılması və oyma işləri Bavariya Kral Məhkəməsinin rəsmi saat təchizatçısı Andreas Huber tərəfindən tamamlanıb. Hərrac evi bildirib ki, Jaeger-LeCoultre-nin saata dair heç bir qeydi yoxdur, Huberin müharibə dövrü sənədləri isə 1944-cü ildə fabriki bombalanaraq yandırılarkən itib.
Leyla, Bizimyol.info