Rusiya, Türkiyə, Birləşmiş Millətlər Təşkilatı (BMT) və Ukrayna tərəflərinin nümayəndələri Rusiyanın Ukraynaya hücumlarından sonra Qara dəniz limanlarından Ukrayna taxılının daşınmasında yaşanan problemlərlə bağlı İstanbulda bir araya gəlib. Rusiya, Türkiyə və Ukraynanın hərbi nümayəndələrinin iştirak etdiyi görüşdən sonra Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətlə görüşü dəyərləndirib.
Bizimyol.info xəbər verir ki, Zelenski çıxışı zamanı bunları söyləyib: "Biz dünya bazarına ərzaq tədarükünü bərpa etmək üçün həqiqətən əhəmiyyətli səylər göstəririk. Mən Birləşmiş Millətlər Təşkilatına və Türkiyəyə göstərdikləri səylərə görə minnətdaram. Bu hekayənin uğuruna təkcə dövlətimizin deyil, mübaliğəsiz bütün dünyanın ehtiyacı var. Qara dənizdə gəmiçilik üçün Rusiya təhlükəsini aradan qaldırmaq mümkün olarsa, qlobal ərzaq böhranının ciddi nəticələrini aradan qaldırmaq mümkün olacaq. Ukrayna nümayəndə heyəti mənə bildirdi ki, müəyyən irəliləyiş var. “iz yaxın günlərdə BMT-nin baş katibi ilə təfərrüatları müzakirə edəcəyik”.
Şimali Koreyanın Ukraynanın şərqindəki rusiyapərəst separatçı qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasının müstəqilliyini tanımasına toxunan Zelenski, “bu gün Donetskdəki işğalçı strukturların nümayəndələri Şimali Koreya tərəfindən tanındıqlarını açıqladılar. Təbii ki, biz ən yüksək səviyyədə sərt reaksiya verəcəyik. Amma bu elə bir xəbərdir ki, şərhə belə ehtiyac yoxdur. Hər şey aydındır”, - deyə bildirib.
Zelenski bu gün Niderlandın Haaqa şəhərində keçirilməsi planlaşdırılan Müharibə Cinayətkarlarının Ədalətə Təhvil verilməsi Forumunda iştirakçılara müraciət edəcəyini də bildirib.
“Dünya demokratiyası hər bir rusiyalı terrorçunun ukraynalılara qarşı pisliyə görə məsuliyyət daşıması üçün əlindən gələni etməyə hazırdır. Biz bütün cinayətkarların ədalətli cəza almasını təmin etmək üçün səylərimizi əlaqələndirməliyik”,- deyə əlavə edib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov dördtərəfli sammitlə bağlı açıqlamasında deyib: “Rusiya Müdafiə Nazirliyinin nümayəndələri İstanbulda Türkiyə, BMT və Ukrayna nümayəndələrinin iştirak etdiyi toplantıda iştirak ediblər. Rusiya nümayəndə heyəti bu problemin erkən və praktiki həlli üçün təklif hazırlayıb və dəyərləndirməyə təqdim edib”.
Milli Müdafiə naziri Hulusi Akar görüşdən sonra verdiyi açıqlamada görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini, əsas texniki aspektlərin razılaşdırıldığını bildirib.
“Nəticə etibarı ilə əsas prinsiplər haqqında saziş bizim üçün də məna kəsb edir. Tərəflərin bu problemi həll etməyə hazır olduğunu görürük”, - deyə o, vurğulayıb.
Ukrayna və Rusiya nümayəndə heyətlərinin gələn həftə Türkiyədə yenidən görüşəcəyini bildirən Akar, "gələn həftə keçirəcəyimiz bu görüşdə bütün detallar bir daha nəzərdən keçiriləcək və işlərimiz imzalanacaq" deyə əlavə edib.
Leyla, Bizimyol.info