Bu gün Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan aktyoru və rejissoru Bəxtiyar Xanızadənin doğum günüdür.
Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev Bəxtiyar Xanızadəni təbrik edib:
“Mən özünə zəng etdim. Yeganə arzum o oldu ki, Allahın verdiyi ömrü sağlam yaşasın. Dünən bir məclisdə idik. Bəxtiyar müəllim ətrafındakı dostlarına, həmyaşıdlarına elə ürəklə danışırdı ki. Çünki Azərbaycanda Pantomim Teatrını Rövşən İsax, Əsəd İsmayılov, Siyavuş Hüseynli və Elman Rəfiyevin üzərində qurdu. Elə ürəklə danışırdı ki, mən həzz aldım. Bəxtiyar Xanızadə doğrudan da ustaddır. Xoşbəxt ustaddır ki, bu gün Azərbaycan incəsənətində onun çoxlu tələbələri var. Azər Axşam, Nicat Kaızmov, Qurban Məsimov, Pərviz Məmmədrzayev..., bu adlar sadalamaqla bitməz. Hansı teatr yaxınlaşsaq, orada Bəxtiyar müəllimin tələbəsi olacaq.
Mən Bəxtiyar müəllimə Allahın verdiyi ömrü sağlam yaşamasını arzulayıram. Və nə qədər ömrü varsa, uğur hər zaman onunla birlikdə addımlasın. Hər zaman tələbələrinin uğuruna sevinsin. Doğum gününüz mübarək Bəxtiyar müəllim!”…
Xatırladaq ki, Bəxtiyar Xanızadə 1957-ci il iyulun 13-də Bakının Şağan kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsini bitirib. 1994-cü il martın 16-da bir qrup tələbə ilə "Dəli yığıncağı" adlı ilk Pantomima Teatr studiyası yaradıb. O, "Bayraqdarlar", "Kvaksafon", "Samurayın ölümü", "Eşq", "Zibillik pərvanələri" və "Kölgə adlı ilk Azərbaycan pantomima pyeslərinin müəllifidir.
Qeyd edək ki, 2000-ci il 6 mart tarixində "Dəli yığıncağı" Pantomima Teatr studiyasına Dövlət statusu verilib.
Bəxtiyar Xanızadə, “Qərib cinlər diyarında”, “Dantenin yubileyi”, “İşgüzar səfər”, “Salur Qazanın evi talandığı boy”, “Fatehlərin divanı”, “Nigarançılıq”, “Ovsunçu”, “Cavid ömrü”, “Günaydın, mələyim!” və s. filmlərdə oynadığı obrazlarla da tamaşaçı sevgisini qazanıb.
Bizimyol.info xəbər portalı rəhbərliyi və kollektivi adından xalq artisti Bəxtiyar Xanızadəni təbrik edir və can sağlığı arzu edirik.
İlahin, Bizimyol.info