Ukrayna müharibəsinin beşinci ayı tamam olur. Rusiya ordusu istəyinə heç cür çata bilmir, xeyli böyük itkilər verir. Düzdür, bir neçə şəhər ələ keçirilib. Amma Kreml qoşunlarının gücü zamanla tükənir. Hadisələr Moskvanın arzularına uyğun inkişaf etmir. Son günlər ələ keçirilmiş bəzi yaşayış məntəqələri itirilib. Rusiya elitası çox narahatdır. Hər an hakimiyyət dəyişikliyi ola bilər.
Bizimyol.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski mətbuata bu haqda danışıb. O, sanksiyaların Rusiya iqtisadiyyatına gözlənildiyi qədər də ağır zərbə vurmadığını düşünür. Buna baxmayaraq, Skibitski biznesi xariclə əlaqəli olan Rusiya elitasının çətin günlər yaşadığını bildirib. Oliqarxlar siyasi kursun dəyişməsini çox arzulayır.
Skibitski Kremldəki bir şəxsin Putinin yerinə öz oğlunu gətirmək istədiyini dilə gətirib.
Söhbət Rusiya Federasiyası Təhlükəsizlik Şurasını katibi Nikolay Patruşevdən gedir. O, Kremldə ən vacib fiqurlardan sayılır. Patruşevi hətta Putinə təsir göstərə biləcək birinci adam adlandırırlar.

Təhlükəsizlik Şurasının katibi Dövlət Təhlükəsizlik Komitəsi sistemindən çıxanlardandır. Xüsusi xidmət orqanlarında saç ağartmış məmur Kremldə intriqalar yaratmağı yaxşı bacarır. Patruşev Putini inandırıb ki, onu istənilən məqamda öldürə bilər. Rusiya Prezidenti məhz Təhlükəsizlik Şurasının katibinə inanaraq insanlarla böyük məsafə saxlayır.
Patruşev həm də Putinin mövqeyini ələ keçirməyə ən çox şansı olan namizədlərdəndir. Qərb mətbuatı bir müddət əvvəl bu haqda yazmışdı. Onda katib xüsusi qəddarlığı ilə fərqləndirilmişdi.
Yazılmışdı ki, Putinin yerinə ondan da pis adam gələ bilər.
Amma Skibitski Patruşevin başqa planı olmasına əmindir. Kəşfiyyat idarəsinin nümayəndəsi Kremldəki şəxsin Putinin yerinə öz oğlunu gətirmək üçün dəridən-qabıqdan çıxdığını bildirir. Patruşev müharibədən cana doymuş oliqarxlara çox güvənir. Lazımi dəstək alınsa, hakimiyyəti dəyişmək də çətin olmayacaq.
Aytən, Bizimyol.info